Rusiya və Avropa hüquq müdafiəçiləri tərəfindən birgə hazırlanmış hesabat ölkədə 2018-ci ildə keçiriləcək Dünya futbol çempionatı ərəfəsində Rusiya futbolunda irqçilik təzahürlərinə nəzər salır.
Hesabat müəllifləri Rusiya futbolunda irqçilik zəminində 200-dən çox diskriminasiya hallarının baş verdiyini qeydə alıb.
\”Mən bu hesabatdan xəbərdaram. Biz, əlbəttə, narahatıq\”, – Sepp Blatter bildirib.
Ötən il Blatter Rusiya prezidentinə müraciət edərək, Vladimir Putini irqçilik hallarına qarşı qəti mübarizəyə başlamağa çağırıb.
Sepp Blatter bu məsələ ilə bağlı martın sonundan gec olmayaraq iclas keçirəcəyinə söz verib, çünki FİFA ekspertlərinə qaradərili idmançıların Moskvaya gəlməyə qorxduqları barədə xəbərlər çatmaqdadır.
“Belə davam edə bilməz. İrqçiliklə mübarizə əsas prioritet olmalıdır. Lakin, təəssüf ki, hər gün yeni hadisələr barədə xəbərlər gəlməkdədir, biz bu hallara qarşı mübarizə aparırıq”, Blatter Associated Press agentliyinə bildirib.
Hesabata düşmüş 200-dən artıq irqçilik halları, o cümlədən, stadionlarda futbol fanatlarının 72 dəfə neo-nasit simvolikası ilə görünməsini və 22 dəfə, əsasən çeçen və dağıstanlılar olmaqla, qafqazlılara hücum olunma hadisələrini əhatə edir.
Hüquq müdafiəçilərinin qeyd etdiyinə görə, ifrat sağçılar və neo-nasistlər bütün klubların azarkeşləri arasında var, lakin Rusiyanın Spartak, Zenit, OMİK, Dinamo və Lokomotiv kimi populyar klublarının azarkeşləri arasında onların sayı daha çoxdur.
İnterpress.az