Qərara əsasən, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı şəhərində və Abşeron yarımadasının digər ərazilərində aparılan tədqiqatlar nəticəsində torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələr kağız və elektron variantda təsdiq edilib.
Bu xəritələrdə göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərdə tikinti işlərinin aparılmasına icazə verən yerli icra hakimiyyəti orqanlarına tapşırılıb ki, torpaq sürüşməsinə qarşı mövcud tikinti norma və qaydalarına uyğun mühəndisi tədbirlər nəzərdə tutulmaqla hazırlanmış layihələrin Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmasını təmin etsin.
Fövqəladə Hallar Nazirliyinə və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb ki, bu xəritələrdə göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərdə müəyyən edilən tələblərə cavab verən layihələr istisna olmaqla, aparılan tikinti işlərinin və tikintiyə icazələrin verilməsinin dayandırılmasını təmin etsinlər və bu tapşırığın icrası ilə əlaqədar ildə 2 dəfə Nazirlər Kabinetinə məlumat versinlər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılıb ki, bu ərazilərdə tikinti norma və qaydalarının təkmilləşdirilməsi məqsədi ilə 2015-ci ildə yeni normativ sənəd hazırlayıb Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər əlaqədar təşkilatlarla razılaşdırmaqla qəbul edilməsini təmin etsin.Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb ki, hazırlanan və mövcud ərazi planlaşdırılması sənədlərində göstərilən torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilən tələblərə cavab verən layihələr istisna olmaqla, tikinti aparılması məhdudlaşdırılan ərazilər kimi müəyyən edilməsini aidiyyəti üzrə təmin etsinlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi isə 2015-ci ilin sonunadək Abşeron yarımadasında və Azərbaycan Respublikasının digər ərazilərində aparılan tədqiqatları davam etdirərək, torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələri hazırlayıb təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidirlər.
İnterpress.az