Bu gün Milli Teatr günüdürbackend

Bu gün Milli Teatr günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1873-cü il martın 10-da Bakı Realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyulub.

Səhnə həyatında H. Zərdabi və N. Vəzirovun böyük rol oynadığı bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.

Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat H.Z.Tağıyevin böyük xidməti olub. H.Z.Tağıyev Bakı şəhərində ilk teatr binası inşa etdirib. Tezliklə Azərbaycan səhnəsinin Cahangir Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyə Davudova kimi yüzlərlə simaları yetişib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb olub. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verib. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəlib. Cümhuriyyət hökumətinin bu sahədə məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət Teatrının təşkili olub.

Bu, Azərbaycan professional teatrının dövlət teatrı statusu alması demək idi. Azərbaycan Dövlət Teatrının pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N. Nərimanovun “Nadir şah” faciəsinin tamaşası ilə açılıb.

Müstəqillik dövründə teatrın inkişafı üçün bir sıra addımlar atılıb. 2006-cı ildə Azərbaycanda teatrın inkişafı üçün “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. 2007-ci ildə prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir sənəd – “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb.

2009-cu il mayın 18-də isə ölkə başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.

İnterpress.az