Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar memar, “Şöhrət” ordenli, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, Azərbaycan Memarlar İttifaqının üzvü, akademik Şamil Fətullayev-Fiqarov martın 9-da ömrünün 87-ci ilində vəfat edib.
Akademik Şamil Fətullayev-Fiqarov 1928-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1953-cü ildə Azərbaycan Politexnik İnstitutunun Memarlıq-inşaat fakültəsini bitirib, 1956-cı ildə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aspirantı olub. 1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1990-cı ildə professor elmi adını alıb.
Elmi fəaliyyəti dövründə bir sıra mükafatlara layiq görülüb. 1986-cı ildə Azərbaycan SSR-in \”Şərəf nişanı\” ordeni, 2000-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub. Həmçinin 2008-ci ildə Polşanın qızıl medalına layiq görülüb.
Azərbaycan milli memarlıq tarixinin dünya miqyasında təbliği istiqamətində də Ş.Fətullayevin xüsusi xidmətləri olub. O, müxtəlif ölkələrdə keçirilmiş beynəlxalq konfranslarda uğurla çıxış edərək, Azərbaycan memarlığını layiqincə təbliğ edib. Alimin rəhbərliyi altında 15 elmlər namizədi, 4 elmlər doktoru yetişdirilib. 150-dən artıq elmi əsərin müəllifidir.
İnterpress.az