Bu barədə “IHS Jane’s Annual Defence Budgets Review” adlı hesabatda deyilir.
Hesabata görə, Rusiya 2014-cü ildə 10 mlrd. dollar dəyərində silah satıb. Sənəddə 2013-cü il ilə müqayisədə Rusiyanın silah ixracatının 9 faiz artdığı qeyd olunub.
Məlum olub ki, keçən il Rusiya Çinə 2,3 mlrd. dollar, Hindistana 1,7 mlrd. dollar, Vyetnam ve Venesuelaya isə ayrı-ayrılıqda 1 mlrd. dollar dəyərində silah satıb. Yaxın Şərq ölkələri isə Rusiyadan 1,5 mlrd. dollarlıq silah alıblar.
Ukrayna böhranı və sanksiyaların tətbiqi ilə əlaqədar Rusiyada yaşanan iqtisadi böhranın 2015-ci ildə silah satışına təsir göstərəcəyi bildirilir.
Dünyada ən çox silah satan ölkə isə ABŞ-dır. 2014-cü ildə bu ölkə 23,7 mlrd. dollar dəyərində silah ixrac edib. 2013-cü illə müqayisədə artım 19 faiz təşkil edib.
Hesabata əsasən, 2014-cü ildə Fransa 4,9 mlrd. dollar, İngiltərə 4,1 mlrd. dollar, Almaniya isə 3,5 mlrd. dollarlıq silah ixrac edib. İngiltərənin 2014-cü ildə silah ixracatını 45 faiz artırdığı qeyd olunub.
“IHS Jane’s Annual Defence Budgets Review” silah idxal edən ölkələrin siyahısını da tərtib edib. Siyahıya Səudiyyə Ərəbistanı liderlik edir. 2014-cü ildə Səudiyyə Ərəbistanı 6,4 mlrd. dollarlıq silah alıb. Siyahıda ikinci yerdə 5,57 mlrd. dollarlıq silah idxal edən Hindistan gərarlaşıb.
Səudiyyə Ərəbistanının 2015-ci ildə silah idxalını 50 faiz artıracağı bildirilir. İHS eksperti Ben Mures Səudiyyə Ərəbistanının 2015-cü ildə silah idxalında ciddi yüksəliş olacağını söyləyib. Onun sözlərinə görə, ərəblərin bu il 9,8 mlrd. dollarlıq silah idxal edəcəyi gözlənilir.
Hesabatda 2014-cü ildə Orta Şərqə ən çox silah ixrac edən ölkələrin siyahısı da açıqlanıb. Siyahıya 8,4 mlrd. dollarla ABŞ liderlik edir. Keçən il Orta Şərq ölkələrinə İngiltərə 1,9 mlrd. dollar, Rusiya 1,5 mlrd. dollar, Fransa 1,3 mlrd. dollar, Almaniya 1 mlrd. dollar dəyərində silah satıb.
2013-cü ildə dünyada silah satışının ümumi həcmi 56,8 mlrd. dollar təşkil etdiyi halda, 2014-cü ildə müvafiq göstərici 64,4 mlrd. dollaradək artıb. 2015-ci ildə isə dünyada silah satışının ümumi həcminin 70 mlrd. dollara çatacağı gözlənilir.
İnterpress.az