Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov APA-ya bildirib ki, bu gün Sumqayıt sərnişin stansiyasının binasının sökülməsi ilə bağlı işlərə başlanıb. N. Əzməmmədov deyib ki, stansiyada yaşayan 40 məcburi köçkün ailə köçürülüb, ailənin hər birinə təxminən 30 min manat həcmində vəsait ayrılıb. Sökülən binanın yerində müasir standartlara uyğun ikimərtəbəli sərnişin stansiyası tikiləcək. Bu gün Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt sərnişin stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun qoyuluşuna da başlanılıb. İlkin olaraq, bu yolun üzərində yoldəyişdirici qurğuları qoyulacaq. Eyni zamanda Bakı-Sumqayıt xətti boyunca yerləşən stansiyalarda bəzi tamamlama işləri görülür.
Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 61 km yol əsaslı təmir olunub.Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.
İnterpress.az