Ünvanlı sosial yardımın verilməsi qaydaları dəyişdirilə bilərbackend

Ünvanlı sosial yardımın verilməsi qaydaları dəyişdirilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasındakı çıxışı zamanı prezident İlham Əliyev ünvanlı sosial yardımlar haqda da danışarkən səsləndirib. Prezident bildirib ki, bəzi insanlar dövlətdən yardım aldıqlarına görə işləməyə həvəs göstərmirlər.

Bu baxımdan gələcəkdə dövlət aztəminatlı ailələrin dəstəklənməsi üçün ünvanlı sosial yardımın formalarına dəyişiklik edə bilər. Belə ki, dövlət aztəminatlı ailələrə öz bizneslərini yaratmaq üçün dəstək verəcək, beləliklə də ünvanlı sosial yardımdan asılılığı azaldacaq.

Bəs, görəsən, bu yeni qaydaların tətbiq edilməsi hansı formada həyata keçiriləcək? Burada istisnalar olacaqmı?

Ölkə başçısının çıxışını şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov da bildirdi ki, ölkə başçısının qeyd etdiyi məsələ aktualdır: “Mən bu fikirlə razıyam. Bundan əvvəl də biz qeyd etmişdik ki, ünvanlı sosial yardımlar bir çox hallarda psixoloji cəhətdən asılılıq yaradır, vətəndaşların inkişafa meyllərini azaldır.

Dünya təcrübəsində də oxşar hallar müşahidə olunur. Bu məqsədlə də ünvanlı sosial yardımların verilməsi qaydalarının yenidən işlənib hazırlanmasına ehtiyac var. Mən düşünürəm ki, burada hər hansı metodun birmənalı şəkildə tətbiq edilməsi doğru olmazdı. Bəzi hallarda hansısa formada işləmək imkanı olan insanlar sosial yardım alırlar ki, bur qrupun hansısa metodologiya əsasında biznes qurmağa təşviq edilməsi və onlara hazırlanan biznes plan əsasında birdəfəlik dövlət yardımının göstərilməsi doğru olardı.

Bu həm yeni iş yerlərinin yaradılması deməkdir, həm istehsalın artımı, kiçik və orta sahibkarlığın inkişafına müsbət təsir deməkdir. Eyni zamanda insanlarda təşəbbüskarlığını, maliyyə əlçatanlığını artırır. Eyni zamanda orta və uzunmüddətli dövr üçün dövlətin yükünü aradan qaldırır, mənfi ənənələrin formalaşmasını azaldır, asılılığı aradan qaldırır”.

Ekspert onu vurğuladı ki, yeni qaydalar qəbul olunarkən həqiqətən işləmək imkanları olmayan, hər hansı əlillik dərəcəsi ilə bağlı və ya ailə başçısının xəstə olması ilə bağlı sosial yardım alanlara daha həssas yanaşmaq lazımdır: “Burada sosial yardımlar davam etdirilməlidir Zaman-zaman bu sosial yardımların həcmi artırılmalıdır.

Vətəndaşların tələbatın uyğunlaşdırılmalıdır. Eyni zamanda sosial yardım alan qrupun say olaraq azaldılması keyfiyyətin yüksəlməsinə də səbəb olmalıdır. Hesab edirəm ki, ölkə başçısının yanaşması doğru yanaşmadır. Lakin burada elə məqamlar var ki, onlar hər hansı qanun qəbul edilərkən xüsusi nəzərdə tutulmalıdır, eyni zamanda fərqli sosial qruplara fərqli qaydalar tətbiq olunmalıdır”.(musavat)

İnterpress.az