Niderland Krallığının Tilburq Universitetinin jurnalistika fakültəsinin III kurs tələbələri Ermənistan-Azərbaycan müharibəsindən bəhs edəcək layihə çərçivəsində Azərbaycan diasporunun fikirlərini öyrəniblər.
Bununla bağlı Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.
Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev bildirib ki, layihə koordinatoru Niderlandda yaşayan Azərbaycan və Ermənistan diaspor rəhbərlərinə müraciət edərək İkinci Qarabağ müharibəsi və 10 noyabr razılaşması haqqında ətraflı məlumat almaq istədiklərini bildiriblər.
Azərbaycan-Türk Mədəniyyət Dərnəyininin binasında tələbələrlə keçirilən görüş zamanı layihə iştirakçıları Emil Əliyevdən müsahibə alıblar. Müsahibə zamanı Dağlıq Qarabağ münaqişəsinin tarixi, Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun Azərbaycanın əzəli torpaqları olduğu, İkinci Qarabağ savaşı zamanı Azərbaycan dövlətinin əldə etdiyi qələbə nəticəsində Ermənistanın 10 noyabr tarixli razılaşmanı imzalamağa məcbur olması barədə ətraflı məlumat verilib.
Xəritədə Azərbaycan ordusunun və Rusiya sülhməramlı qüvvələrinin hazırda nəzarət etdikləri ərazilər göstərilib. İşğaldan azad olunmuş Qarabağ bölgəsində təhlükəsizlik, infrastruktur, kommunikasiyanın bərpası ilə bağlı həyata keçiriləcək müxtəlif layihələrdən də danışılıb.
Layihənin Tilburq Universitetinin müəllim-tələbə heyətinə təqdim olunması nəzərdə tutulur.
İnterpress.az