ABŞ Azərbaycanlıları Koordinasiya Şurası adından Massaçusets ştatının paytaxtı Boston şəhərinin merinə etiraz məktubu ünvanlanıb. Etiraz məktubuna səbəb beynəlxalq səviyyədə tanınmış müharibə cinayətlərindən biri olan Xocalı soyqırımının anma günü ilə əlaqədar mer Martin J.Walshun imzaladığı bəyannaməni, erməni lobbi qruplarının təzyiqi ilə, geri çəkməsi və üzr istəməsi olub.
Məktubda qeyd edilib ki: “Bizə məlumdur ki, qərarınız Ermənistanın təcavüzkar siyasətini qəbul etmək üçün müxtəlif yollarla spekulyasiya edərək cəmiyyəti və hökuməti aldatmağa çalışan erməni lobbisinin növbəti manipulyasiya hərəkətindən irəli gəlir.
1992 ci ildə Xocalıda baş verənlər Human Rights Watch beynəlxalq insan hüquqları təşkilatı tərəfindən “1990-cı illərin ən böyük qırğını” adlandırılıb. Eyni zamanda, Xocalı qurbanları haqqında imzaladığınız bəyannamədə göstərilən “8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb və girov götürülmüş 1275 mülki şəxs” danılmaz faktlardır.
Bildirilib ki, Azərbaycan xalqı həmişə sülhpərvərliyi ilə seçilib və münaqişənin 30 il ərzində beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həll olunmasına can atması buna sübutdur.
Azərbaycan icması digər millətlər arasındakı münaqişələrlə bağlı neytral mövqeyinizi ancaq bu ayrı-seçkiliyə görə ABŞ-da yaşayan minlərlə azərbaycanlıdan üzr istədiyiniz zaman başa düşəcəkdir”.
Qeyd edək ki, həmvətənlərimiz Boston şəhər merinin qərarına etiraz olaraq aksiya da keçirib. Nyu England Amerika Azərbaycanlıları Mərkəzinin təşkilatçılığı və Azərbaycan Nyu-York Assosiasiyasının dəstəyi ilə Boston şəhərinin mərkəzində keçirilən aksiyada Boston, Vaşinqton, Nyu-York, Konnektikut, Meyn də daxil olmaqla, yaxın şəhər və ştatlardan gələn azərbaycanlılar və türk icmasının aktivləri iştirak edib. Həmvətənlərimiz şəhər meri Martin J.Walsha ermənilərin diktəsi ilə Xocalı həqiqətlərinin tanınması haqqında qərarın ləğvinin qəbuledilməz olduğunu bildiriblər.
İnterpress.az