ABŞ-ın Florida ştatında yerləşən Hallandeyl-Biç (Hallandale Beach – Red) şəhərində Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib.
Hökumət evinin önündə toplaşan həmvətənlərimiz yerli ictimaiyyəti ermənilərin 1918-ci ildə xüsusi amansızlıq və vəhşiliklə xalqımıza qarşı kütləvi şəkildə törətdikləri 31 mart qırğını və tarix boyu azərbaycanlılara qarşı apardığı soyqırımı siyasəti haqqında məlumatlandırıblar.
Azərbaycan icmasının aktivləri eyni zamanda hökumət evinin önündə yerləşən meydanda üzərində 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Qarabağ bölgəsində 31 mart tarixində ermənilərin törətdiyi qanlı cinayətlərin fotolarının və tarixi fakların yer aldığı xüsusi lövhələrindən ibarət sərgi təşkil ediblər.
1918-ci ilin martında Qubada nənə və babası ermənilər tərəfindən qətlə yetirilən həmyerlimiz Əjdər Əminov yerli sakinlərə ailəsinin ermənilər tərəfindən hansı zülmlərə məruz qalması haqqında danışıb.
Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının prezidenti Töhfə Eminova şəhər meri Coy Kuperə, ermənilərin Azərbaycanda törətdikləri cinayətlərin ABŞ ictimaiyyətinə tanıdılması üçün Azərbaycan icmasına verdiyi dəstəyə görə təşəkkür edib.
Ziyarətçilərə tanınmış siyasi şərhçi, jurnalist Malik Ayyub Sumbalın ermənilərin işğalçılıq siyasətindən bəhs edən “Tovuzdan Qarabağa” (“Tovuz to Karabakh”) kitabı paylanılıb. T. Eminova kitabın şəhərdə fəaliyyət göstərən yerli kitabxanalara və ABŞ-ın Holokost Muzeyinə bağışlanacağını deyib.
İnterpress.az