“Harada məskən salsam, gözüm canım Vətəndə”backend

“Harada məskən salsam, gözüm canım Vətəndə”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vətən uzaqda deyil!”miş…

Jurnalist kimi xaricə qısamüddətli səfərlərim əvvəllər də az olmayıb. Amma tale elə gətirdi ki, 2017-ci ildən etibarən 3 il Türkiyədə yaşadım. Qonşuluq, qardaşlığımız, ortaq sərhədlər, təyyarə ilə gözümü açıb-yuman kimi Bakıya çatmağım… Bunlara söz yoxdur. Amma qürbət elə qürbətdir!

Çırpınırsan, hey mücadilədəsən… Özünü bu qərib qəribçilik hissindən azacıq belə olsa, xilas edəsən deyə… Bu yerdə dadına orada yaşayan azərbaycanlılar, müasir dildə desək, diasporan yetir. Onlarla hər təmasın, göstərilən azacıq diqqət belə səni ayaqda tutur, qopmursan köklərindən… Mən də çoxdan əməkdaşlıq etməyimə rəğmən, məhz həmin mühacirlik dövrümdə Diasporla iş üzrə Dövlət Komitəsinin və özəlliklə Diaspor TV-nin fəaliyyətini özüm üçün “kəşf etdim”. Bəxtimdən illərin dostu, dəyərlim Vəsilə Vahidqızı orada idi. Bütün yenilikləri, planlaşdırılan tədbirləri, hətta xiffətimi belə onunla bölüşürdük. Komitənin, yəni bizim-vətəndən kənarda yaşayan azərbaycanlıların himnini də ilk dəfə Vəsilə mənə göndərdi. Oturub, ölüm-zülüm ağladım əvvəlcə…

“Vətəndən uzaqlara səni qismət apardı, doğma sahillərindən səni tale qopardı.
Əl uzatsan vətənə, əllərini sıxan var, məhəbbətlə vətəndə sənə qucaq açılar.
Harada məskən salsam, könlüm canım vətəndə!”

Mən də əlimi uzatdım, heç çəkmədim… Beləcə qucaqlar açıldı məhəbbətlə-bir gün səhərimə Bursada təhsil alan qızımın səsiylə başladım. Ayla məni Diaspor TV-dən “Sabahın xeyir, Azərbaycan!”-deyə salamladı. Bakıya gələr-gəlməz özüm də Diaspor TV-nin qonağı oldum.

Planlarımdan, vətən həsrətimdən, qayğılarımdan söz açdım. Deyərsiniz ki, rəfiqən orada çalışır ya sən jurnalistsən, o üzdən qapılar üzünə açıqdır? O zaman kiçik tövsiyəm var. Lütfən komitənin saytında ya youtube səhifəsində ümumrespublika yayımı nöqteyi-nəzərindən kiçik, amma mahiyyət baxımdan dünyaya zor-güc sığan bu kanalın verilişlərini bir zəhmət incələyin…Mən özüm 3 il ərzində onun vasitəsiylə kimləri tanımadım, kimlərin vətənpərvərliyinə virtual aşıq olmadım, kimləri dinləməkdən doymadım…Saya gəlməz…Bir ölkədə cəmi 4 nəfərlik ailə olaraq, yaşayan və Azərbaycan dilinin bircə kəlməsini belə unutmayanları, vətəndən 40 il əvvəl gətirdikləri əşyaya nisgillə baxaraq, kövrələn həmyerlilərimizə bələd oldum. “Mən də varam” sözləriylə əslində “Bizi vətəndə unutmayın!” deyə özlərini tanıdan, gələcəyimiz üçün etibarlı resurs təşkil edəcək körpə fidanlarımızdan xəbər tutdum. Dünyanın ən nüfuzlu universitet və qurumlarında çalışan və hər bir xalqın diasporu üçün qızıl baza təşkil edən ziyalılarımızla məhz Diaspor TV sayəsində həmsöhbət oldum. Bir sözlə, cismən vətəndən uzaq olsam da, əmin oldum ki, “Harada məskən salsam, könlüm canım vətəndə!”.

Sənə qocaman təşəkkürüm var, Diaspor TV! Bu maraqlı projeyə inanan və yaranmasına vəsilə olan Fuad Muradov! Əzizim, istedadlım Vəsilə! Çünki heyət olaraq, gerçəkləşdirdiyiniz sıradan bir vəzifə, iş icrası deyil! Könlü canı qədər sevdiyi vətənlə döyünənlərin ruporu olmağı bacarmaq, Azərbaycanın gələcəyi üçün belə möhtəşəm canlı resurs yaratmaq böyük mənəvi dividendleri bir kənara qoysaq belə, ən önəmli strateji məsələlərdəndir! Buna bir daha 44 günlük savaşımız zamanı diasporun fəaliyyəti ilə bağlı veriliş hazırlarkən şahid oldum. TV-nin arxivində son illərdə keçirilən istisnasız bütün aksiya və tədbirlərin, düşərgələrin, təşəbbüslərin, dünyanın hər bir yerində məskunlaşan azərbaycanlılarımızın foto və videoları saxlanılır. Kadrlarda bu ölkələrin coğrafiyası da gündən-günə çoxalır, həmyerlilərimizin sayı da…Amma ona görə yox ki, mühacirlər artır…Sadəcə vətəndən açılan qucaqları görərək, bu əlaqələr sürətlə genişlənir. Önəmli başqa amil də var. Komitə və Diaspor TV üçün siyasi mənsubiyyət, ictimai məfkurə əvvəllər olduğu kimi qədər də həlledici amil deyil.

Sıxılırsan? Xaricdə əhatə dairən dardır? Azərbaycana daha faydalı olmaq istəyirsən? Övladların tarixi köklərindən qopmasınlar? İçində bir sıra üzüntülər, hətta vətəndə əldə edə bilmədiklərinə dair darğınlıq, küskünlüklə yaşayırsan? Bəzi şeyləri mən də yaşadım və əmin oldum ki, özümüz bircə addım irəli atsaq, “Vətən uzaqda deyil!”.

Azərbaycana ümmansız sevgiylə…

 

İNTERPRESS.AZ