Fransadakı diasporumuz nələr edə bilir? – Müsahibəbackend

Fransadakı diasporumuz nələr edə bilir? – Müsahibə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Fransa Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi, hüquqşünas Mehriban Ovçuyevanın müsahibəsi:

– Mehriban xanım, öncə sizi oxuculara daha yaxından tanıdaq…

– 10 ildən artıqdır ki, Strasburqda yaşayıram, ixtisasca hüquqşünasam. Keçən ilin iyul ayında baş verən Tovuz hadisələrindən sonra haqq səsimizi dünyaya çatdırmaq üçün çoxsaylı mitinqlər keçirtdik. Beləliklə, Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələrimiz yarandı. Ancaq əvvəldən Strasburq şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımız ilə mütəmadi şəkildə əlaqədə olmuşam. Hazırda Fransa Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricilərindən biriyəm. Gələcəkdə diaspor təşkilatı qurmaq planlarım var.

– Keçən ilin iyul ayından başlayan hadisələr sonradan Vətən müharibəsi və Azərbaycanın zəfəri ilə nəticələndi. Bu müddət ərzində Fransa ölkəmizə qarşı ədalətsiz, qeyri-adekvat, qərəzli münasibət sərgilədi. Ümumiyyətlə, 44 günlük Qarabağ müharibəsi dövründə bu qeyri-adekvatlığa hansı reaksiya verdiniz?

– Fransada Azərbaycan diasporu 1990-cı illərdən etibarən formalaşmağa başlayıb. Bu səbəbdən diasporumuz hələ çox gəncdir. Bizimlə müqayisədə erməni diasporunun Fransada yaşı daha çoxdur və bütün sahələrdə təşkilatlana biliblər. Ona görə erməni diasporunun Fransada siyasi proseslərə, seçkilərə təsir gücləri böyükdür. Bunu biz Fransa Senatının və Milli Assambleyasının qəbul etdikləri qondarma Dağlıq Qarabağ qərarlarında da gördük. Bu gün mediada ermənilərin ölkəmizə qarşı aqressiyası çox böyükdür. Amma bununla belə, biz də haqlı mövqeyimizi dünyaya çatdırmaq məqsədilə əlimizdən gələni etdik. Müharibə dövründə “RT France” telekanalında hüquqşünaslarımız, diaspor nümayəndələrimiz ermənilərlə debata çıxdılar və onların haqsızlığı, təcavüzkarlığı tutarlı faktlarla sübut olundu. Digər tərəfdən konfranslar keçirtdik, sosial mediada fəaliyyətimizi aktivləşdirdik və Senata, Milli Assambleyaya, yerli media nümayəndələrinə, meriyalara məktublar göndərdik. Eyni zamanda yerli mətbuat orqanlarında fransızca məqalələrin yazılmasına, xəbərlərin verilməsinə çalışdıq. ALIM Elmi Dərnəyinin fəaliyyəti bu baxımdan təqdirəlayiqdir. Dərnək erməni faşizmindən, işğalçılığından əziyyət çəkən soydaşlarımızın həyatları haqqında fransızca videoçarxlar, broşürlər hazırlayır. Bundan başqa, Azərbaycanda yaşayan bir qrup fransızın Fransa Prezidenti Makrona açıq məktubu yayımlandı. Oxçuçayın çirkləndirilməsi ilə bağlı Qrinpis (Greenpeace) platforması üzərindən hamının imzasına açıq müraciət hazırlayırıq.

– Keçən ilin noyabrında qazandığımız Qarabağ zəfərindən sonra yerli hökumət nümayəndələrinin, erməni diaspor təşkilatlarının bizim diaspor təşkilatlarımıza münasibətində bir dəyişiklik varmı?

– Müharibə vaxtı ermənilərdə aqressivlik vardı. Bizdə isə qələbə xəbərləri ilə yanaşı, aldığımız şəhid xəbərləri ilə emosionallıq yüksək səviyyədə idi. Lakin buna baxmayaraq, səfirliyimizin, Diaspor Komitəsinin davamlı xəbərdarlıqları ilə ermənilərlə kütləvi qarşıdurmalardan, erməni provokasiyalarından özümüzü qorumağa çalışırdıq. Müharibədən sonrakı ilk aylarda ermənilərin aqressivliyi pik həddə çatdı. Lakin hazırda sakitlik var, çünki mübarizə daha çox informasiya cəbhəsində gedir. Hətta Strasburqda erməni əsilli bir xanım bizi konfransa, qarşılıqlı debata, müzakirəyə dəvət etmişdi. Lakin diaspor nümayəndələrimiz bu dəvətin provokasiya niyyətli olduğunu bildikdən sonra imtina etdilər. Hazırda bütün problemlərin aradan qalxdığını deyə bilmərəm, ancaq nisbətən sakitlik hökm sürür.

– Ümumiyyətlə, Fransa və dünyanın digər ölkələrində diaspor təşkilatlarımızın fəaliyyətinin daha da səmərəli olması üçün sizcə, hansı tədbirlər görülməlidir?

– Bayaq qeyd etdiyim kimi, bizim diasporumuz hələ gəncdir. Lakin qarşımızda duran vacib məsələlərimiz var. Bunlardan biri akademik səviyyədə təmsil, ikinci, mətbuata çıxış, üçüncü isə maliyyə məsələləridir. Ən önəmli məsələmiz isə birliyimizdir. Qarabağ müharibəsində dövlətimizin və xalqımızın birliyi sayəsində zəfər qazandıq. Əgər müharibə dövründə olduğu kimi bir olmağı bacarsaq, bütün maneələri dəf edə bilərik.