İqtisadi artım Naxçıvandakı kimi olmalıdırbackend

İqtisadi artım Naxçıvandakı kimi olmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pərviz Heydərov yazır…

Prezident İlham Əliyev bu il mayın 10-da Naxçıvana səfəri zamanı AzTv-yə müsahibəsində qeyd etdi ki, Naxçıvan sürətlə inkişaf edir və burada bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir. “Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb”, – deyə dövlət başçısı bildirib.

Prezidentin sözünə qüvvət, muxtar respublika həqiqətən də müsbət dinamika nümayiş etdirməkdə davam edir. 2021-ci ilin yanvar-iyul aylarında 1 milyard 603 milyon 721 min 600 manatlıq ÜDM istehsal olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çoxdur. ÜDM-in tərkibində sənaye ilk yeri tutur ki, qeyd olunan müddət ərzində burada 660 milyon 407 min 100 manat dəyərində məhsul istehsal edilib. Hansı ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox deməkdir.

Bütün bu uğurlu gedişatın səbəbini isə adıçəkilən bölgədə özəl sektorun inkişafına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə ciddi diqqət yetirilməsində, sənaye məhsulları istehsalı sahəsində sahibkarlıq təşəbbüsləri ilə fəaliyyətlərin cəmləşdirilməsində və dəyənləndirilməsində, bu siyasətin keyfiyyətcə daha yeni aspektlər üzərinə transfer edilməsində gördüyümü yazmış və izah etmişdim. Təsadüfi deyil, sözügedən bölgəmizin iqtisadi inkişafına dair əvvəlki yazılarımızda Azərbaycanda qeyri-neft sektorunun genişlənməsinin ən sürətli şəkildə məhz burada təşəkkül tapdığını vurğulamışdıq. Ümumiyyətlə, birmənalı şəkildə qeyd etmək lazımdır ki, Naxçıvanda həyata keçirilən iqtisadi siyasətin əsas qayəsini rəqabətqabiliyyətli, ixracyönlü məhsullar istehsal edən müəssisələrin təşəkkülü prosesinə dəstək verməklə bunları genişləndirmək, sənayeləşməni sürətləndirmək təşkil edir.

Bax, bütün uğurların əsil səbəbi də budur, müsbət dinamikanın kökündə dayanan amil də məhz bundan ibarətdir. Təkrar edirəm, söhbət yeni istehsal sahələri və müəssisələrin yaradılmasından gedir. Xatırladım ki, muxtar respublikada təkcə 2021-ci ilin ilk rübü ərzində dövlət dəstəyi ilə müxtəlif iqtisadi fəaliyyət sahələrində 20 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradıldığı, 41 layihənin isə gerçəkləşdirilməsi üzərində işlərin davam etdirildiyi bildirilirdi.

Ötən dövr ərzində isə bu proses uğurla davam edib, dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 72 sayda istehsal və xidmət sahəsi istifadəyə verilərək, 49 sahənin yaradılması üzrə işlər davam etdirilib.

Sual yaranır, Naxçıvanda buna necə nail olunur? Yəni, yeni istehsal sahələrinin yaranması fasiləsizliyini hansı amillər şərtləndirir? Necə olur ki, sözügedən bölgədə məhsul artıqlığı, başqa sözlə desəm, ortada heç bir bazar və realizə problemləri yaşanmır? Bu tendensiya ölkəmizin digər regionlarında niyə eyni sürətlə təşəkkül tapmır və yaxud tapa bilmir?

Cavab sadədir: muxtar respublikada sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması sayəsində hazırda 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarından ibarət 384 növ məhsul istehsal olunur ki, əhalinin 108-i ərzaq, 242-si isə qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı bilavasitə yerli imkanlar hesabına ödənilir.

Bu o deməkdir ki, daxili bazar qorunur, idxal yerli istehsal üçün heç bir məhdudiyyət və maneə xarakteri daşımır, tələbat məhz daxili istehsalın artması və genişlənməsi üçün stimulyator rolunu oynayır. Qeyd olunan mənzərə çox uğurlu bir nəticədir. Və iqtisadiyyatı genişləndirən, böyüdən amil və cəhətdir.

Bəli, biznesə yeni başlayan kiçik və orta sahibkarlara geniş imkanlar yaradılır, bölgələrdə əhalinin məşğulluğunu təmin etmək üçün şərait yaratmaq məqsədilə özəl investisiya qoyuluşu həyata keçirilir, həmçinin Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən də maliyyə dəstəyi göstərilir. Hansı ki, indiyə qədər 1 500-dən çox layihə maliyyələşdirilib və sair…

Yeri gəlmişkən, Sahibkarlığın İnkişafı Fondu tərəfindən cari ilin ötən dövrü ərzində yeni layihələrin reallaşdırılmasına 2 milyon 303 min 478 manat kredit ayrılıb ki, bu da sənaye, kənd təsərrüfatı, xidmət sahələri üzrə olmaqla, ümumilikdə 80 layihəni əhatə edib. Və verilən kreditlər yeni sənaye müəssisələrinin yaradılmasında mühüm rol oynayıb.

Bununla belə, bu gün yerli hökumətin stolunun üstündə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” adlı mühüm bir sənəd var ki, bu sənəd özü də bazar iqtisadiyyatı mexanizmi əsasında sahibkarlıq fəaliyyətini genişləndirməyi, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etməklə, qabaqcıl idarəetmə təcrübəsindən faydalanaraq rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələr yaratmağı hədəf olaraq nəzərdə tutur.

Üstəlik, təsadüfi deyil 2021-ci il muxtar respublikada “İxrac ili” elan olunub. Bu çox mühüm bir strateji məqsəddir. Ümumiyyətlə, daxili bazarın tam təmini və ixracın genişləndirilməsi əlaqəli məsələlərdir. Və Naxçıvanda iqtisadiyyatın ixraca köklənməsi daxili bazarı qoruyan və onu maksimum dərəcədə yerli istehsal hesabına təmin etməyə yol açan əsas amillərdən biri sayılır.

Sözün qısası, yaxşı olardı ki təqribən, 470 minə yaxın əhalisi olan və 10 milyonluq vətəndaşımızın məhz bu qədər hissəsinin yaşadığı bu bölgənin yeni-yeni istehsal sahələrinin açılması və sənayeləşmənin sürətlənməsi sahəsində təcrübəsi ölkəmizin digər regionlarında da öz əksini tapsın.

Məsələn, hazırda bütövlükdə ölkədə məşğulluğu genişləndirmək sahəsində böyük çətinliklər və maneələr hökm sürür. Düzdür, bunlar əsas etibarilə obyektiv xarakterlidir. Bununla belə, hökumət sözügedən istiqamətdə səyləri davam etdirir və müxtəlif proqramlar icra edir, addımlar atır. Məsələn, özünüməşğulluğun təmin olunmasına dair səylərə xüsusən diqqəti çəkə bilərəm. Ancaq hər halda, məşğulluq səviyyəsinin ciddi artması üçün iqtisadiyyat genişlənməli, artım tempi sürətli xarakter daşımalıdır.

Başqa sözlə desəm, iş yerlərinin yaranmasından ötrü iqtisadi artım olmalıdır. Möhkəm özülə söykənən və dayanıqlı artım… Naxçıvanda olduğu kimi.