Şimal qütbündə canavarları qəribə bir tərzdə ovlayırlar. Bir neçə kəsici almazın üzərinə bir az qan sürtür və onları qarlı çöllərdəki buzların içinə bərkidirlər. Uzun və soyuq qış gecələrində ac qalan canavarlar da, bu qan qoxuyan\”yemi\” tapır və onu yalamağa başlayırlar. Kəsici almazların üzərində donmuş qan tədricən əriyərək buzlu suya qarışır. Ac qurd isə tamah və aclığın səbəbindən şaxtada donaraq hissiyatını itirən dilini iti almazın kəsdiyini hiss etmir. Hər dəfə bu vəhşi heyvan qanı yalayır və dil daha çox kəsilir. Canavarın dilindən axan qan buza qarışır və bu da, tamahkar yırtıcını bir az da şirnikləndirir.Halbuki o, öz qanını yediyinin fərqinə varmır.
Nəticədə çoxlu qan itirməsi səbəbindən canavar yavaş- yavaş ölməyə başlayır. İşin sonunda bu tamahkar yırtıcı öz əli ilə əcəlini tezləşdirir. Ovçu isə bir güllə belə atmadan canavarı ovlayır. Qurd öz qürur və tamahının qurbanına çevrilir.
İnsan oglu da belədir. Bəzən o, tamah, şəhvət, pul, mal-dövlət, qüdrət, təkəbbür, şöhrətpərəstlik, qürür, qürrələnmək, məsuliyyətsizlik və nəfsinin təsirinə düşərək, öz həqiqi mahiyyətini unudur və sanki iki ayaqlı bir canavara dönür. O zaman yəqin bilin ki, bu cür insanların ölümünə onların özləri səbəb olur və belələri öz əcəlini tezləşdirirlər. Daha nə bir gülləyə, nə də ki başqa bir zərbəyə ehtiyac qalmır.