Türkiyə Ordusunun İraqın Mosul şəhərindəki Başika hərbi bazası artilleriya qurğuları ilə atəşə tutulub. Hücumun məsuliyyətin “Əhrar əl İraq” terrorçu qruplaşması öz üzərinə götürüb. Türkiyə Müdafiə Nazirliyi terror hücumu zamanı heç bir tələfatın olmadığını bildirib.
Mövzu ilə bağlı politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında bildirib ki, Türkiyə ordusunun Başika hərbi bazasına edilən hücum təsadüfi deyil:
“Türkiyə ordunun Başika hərbi bazasına edilən hücumun pərdə arxasında İran dayanır. Bunu təsdiq edən ən önəmli fakt hadisənin “Əhrar əl-İraq” qrupu tərəfindən törədilməsidir. “Əhrar əl-İraq” qrupu isə İran tərəfindən maliyyələşən “Haşdi Şabi” terror qruplaşmasına bağlıdır. İranı Türkiyə ilə bağlı bir çox məqam narahat edir. Birincisi, Türkiyənin İraqda hərbi varlığı və keçirdiyi antiterror əməliyyatları İranın Şimali İraq üzərindən Suriyaya, Livana və Fələstinə silah daşımasına ciddi maneə törədir. Xüsusilə qeyd etmək lazımdır ki, Başika hərbi bazası İranın qeyd edilən ölkələrə silah-sursat daşındığı əsas əraziyə yaxındır.
İkincisi, rəsmi Ankaranın İsrail ilə yaxınlaşması, münasibətləri normallaşdırması Tehranı sözün əsl mənasında panikaya salıb. İran xarici siyasətinin prioritet istiqamətindən biri də Təl-Əviv-Ankara münasibətlərini daim gərgin saxlamaq, ehtimal yaxınlaşmaların qarşısını almaqdır. Lakin son zamanlar iki ölkə arasında Azərbaycanın vasitəçiliyi, eyni zamanda diplomatik fəaliyyəti ilə baş tutan yaxınlaşma İran maraqlarına uyğun deyil.
Üçüncüsü, bir neçə gün öncə Azərbaycanın Tehranda səfirliyinə hücum edildi. Bu hadisə İranın molla rejimi tərəfindən həyata keçirildi. Hadisə sonrası rəsmi Bakıya hər zaman olduğu kimi Türkiyədən ciddi dəstək gəldi. Dövlət başçıları, rəsmilər səviyyəsində təmaslar quruldu hadisənin yerindəcə dəyərləndirilməsi aparıldı. Məhz bu hadisə sonrasında Türkiyənin İraqda hərbi bazasında İran tərəfindən dəstəklənən terror qrupunun hücum etməsi Tehranın Ankaranın bu məsələdə mövqeyindən narahat olduğunu göstərir.
Türkiyə hərbi bazasına edilən hücumu, Azərbaycan səfirliyinə qarşı törədilən teraktın və İsraildə sinaqoqda baş tutan terror hadisəsinin davamı kimi qiymətləndirmək olar. Bu, faktiki olaraq bir daha onu sübut edir ki, molla rejimi Bakı-Ankara-Təl-Əviv üçlüsünə qarşı hibrid müharibə elan edib. Hər üç hadisənin motivi fərqli olsa da, məğzi eynidir”.