Uzun illər ərzində Tehran rejimi, İranda “keyfiyyətli”, “effektiv” səhiyyənin mövcud olması nağıllarıyla reklam kampaniyaları apararaq, regionumuzu və xüsusilə əziz həmvətənlərimizi təhlükə altına alıb. Əvvəla, 40 ilə yaxındır dünyanın ən müasir və qabaqcıl texnoloji mərkəzlərinin yerləşdiyi ölkələr, məsələn, ABŞ, Kanada, Avropa dövlətləri, Yaponiya tərəfindən ağır sanksiyaların tətbiq olunduğu İran faktiki olaraq modern tibb texnologiyalarından tamamilə məhrum və təcrid olub.
Bu sözləri İnterpress.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı ictimai fəal Natiq Çıraqzadə deyib.
Onun sözlərinə görə, hərkəsə məlum reallıq bundan ibarətdir ki, bu gün texnoloji yeniliklər, üstün qabiliyyətli cihaz və avadanlıqlar olmadan güclü səhiyyə sisteminin formalaşması qeyri-mümkündür:
“Bu faktor eyni zamanda, tibbi-kimyəvi maddərin həmin ölkəyə (İrana – red.) idxalında da ciddi maneələr yaradıb. Nəticədə İran dövləti, xüsusilə xaricə ixrac məqsədi və səhiyyə turizmi xəttiylə ölkəyə gələn əcnəbilərin “müalicəsində” qeyri-peşəkar və planlı səriştəsizliklə keyfiyyətcə aşağı səviyyəli, həmçinin narkoloji xassəli maddələrin istifadəsi ilə bir çox fəsadlara yol açan dərman preparatlarını buraya böyük ümidlərlə gələn xarici pasientləri aldadaraq satmaqdadır.
Təəssüflər olsun ki, cənub qonşumuzun sistemli şəkildə yaratdığı bu “ucuz,keyfiyyətli və effektiv” səhiyyə immitasiyasına aldanaraq özlərinin və yaxınlarının sağlamlığını daha da təhlükə altına atan həmvətənlərimiz də kifayət qədər çoxdur. “İranda yüksək keyfiyyətli tibbi xidmət” adı altında vətəndaşlarımızı aldatmaqla İrana səfərə cəlb edən bu çirkin sistemin iş prinsipi isə, köklü səhiyyə xidməti görüntüsü yaratmaq məqsədilə qarşılama,qonaqlama,həkimlərdən növbələrin götürülməsi kimi paketlər təklif edərək xarici vətəndaşların külli miqdarda pul vəsaitinin dolayısı yolla mənimsədilməsindən ibarətdir”.
İctimai fəal qeyd edib ki, işin ikinci hissəsi isə, erkən diaqnozun qoyulması ilə daxili kompanentlərinin, tərkibinin və ana maddələrinin nələrdən ibarət olması pasiyentlərə məlum olmayan, psixoaktiv, narkoloji və ağır antibiotik xassələrə malik preparatların xəstələrə təyin edilməsindən ibarədir:
“Beləliklə, özlərinin və əzizlərinin tibbi probleminə çarə tapacağı ümidilə İrana səfər edən xarici pasiyentlər,belə demək mümkünsə, İrana,onun “səhiyyəsinə” qurşadılır. Elə bunu sübut edən əsas göstəricilər biri də odur ki, son 5 ildə müxtəlif sahələr üzrə 12 min nəfərdən artıq iranlı peşəkar həkim ordusu Türkiyə başda olmaqla, səhiyyədə inkişaf etmiş Qərb ölkələrinə gediblər və İran hazırda ən ciddi “beyin köçü” yaşayan ölkələr siyahısında ilk onluğu əldən vermir. Yeri gəlmişkən, Türkiyədə fəaliyyət göstərən onlarla iranlı həkimlərlə mütəmadi söhbətlərimiz zamanı da, onlar öz ölkələrini tərk etmələrinin əsas səbəblərini məhz bu kimi geri təfəkkürlü, xain yanaşmaların mövcud olması, həmçinin kariyera inkişafı perspektivinin ildən-ilə zəifləməsi ilə əlaqələndirirlər”
“Yuxarıda qeyd etdiyimiz İranın “tibbi xidmət” tələsi isə,birbaşa olaraq İran dövlətinin, yəni hansısa ayrı-ayrı iş adamları,yaxud irihəcmli holdinqlərin yox, ən ali təsisat olan dövlətin prioritet sahələrindən biridir. Burada işin tibb,sağlamlıq,səhiyyə xidmətlərinin keyfiyyətsizliyi məsələsi ilə yanaşı, digər bir pərdəarxası detalı da var ki, bu da xarici pasiyentləri və onlara himayədarlıq edən yaxınlarını borclandıraraq İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb etmək məqsədi daşıyır. Böyük təəssüf hissi ilə deyə bilərik ki, İran dövləti bu kimi iyrənc əməllərinə bəzi hallarda sağlamlıq qayğılarıyla İrana üz tutan Azərbaycan vətəndaşlarını da alət edir və Azərbaycan hüquq-mühafizə orqanları dəfələrlə bu kimi faktları aşkarlayıb. Beləliklə,bizlər bəzən həm həmvətənlərimizin əlində olan maddi vəsaiti aldadaraq mənimsəyən, həm onları zəhərləyərək genofondumuza ziyan vuran, həm də Azərbaycana qarşı casuslar ordusu formalaşdıran “İran səhiyyəsi”nin çirkin əməllərinin qurbanına çevrilirik”, – N.Çıraqzadə əlavə edib.
Soydaşımız vurğulayıb ki, bizi isə maraqlandıran hər şeydən öncə məhz Azərbaycan dövləti və azərbaycanlılardır:
“Elə buna görə də, Azərbaycan dövləti bu məsələyə ciddi diqqət ayırmalıdır, “səhiyyə turizmi” adı altında İranda həmyerlilərimizə və vətəndaşlarımıza qarşı törədilən əməllər ciddi araşdırılmalıdır. Habelə, dünyanın inkişaf etmiş ölkələrində fəaliyyət göstərən azərbaycanlı həkimlərin,mütəxəssislərin ölkəmizə geri qayıtması, öz ölkəmizdə öz xalqımız üçün yüksəksəviyyəli xidmət aparması üçün Azərbaycan dövləti geniş sosial konsepsiya işləyib- hazırlamalı, həmin həkimlərin ölkəmizə geri qayıtmasına təşviq xarakterli maliyyə paketləri ilə bu prosesi gücləndirməlidir”