Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri bütün hallarda hər iki ölkənin xalqları üçün uğurlu bir səfərdir. Prezident seçildikdən sonra Ərdoğanın səfər etdiyi xarici ölkələr sırasında ilk başda Azərbaycanın dayanması həm dostluq, həm qardaşlıq, həm də siyasi əlaqələrin dinamikasının göstəricisidir.
Təbii ki, dünyanın güc dövlətləri qarşısında dik dayanan, onları lərzəyə gətirən bir ölkənin lideri Azərbaycana elə-belə səfərə gəlməz. Hələ nəzərə almaq lazımdır ki, bu, rəsmi və ya işgüzar səfər deyil. Bu, qardaş ölkənin liderinin Azərbaycana dövlət səfəridir. Bununla yanaşı, unutmayaq ki, qardaş ölkənin Prezidenti Azərbaycanın həm çətin və ağır, həm də yaxşı günlərində ölkəmizə səfər edərək yanında olub və öz qardaşlığını bütün dünyaya nümayiş etdirib.
Belə olduğu halda, düşünürən ki, bu səfər olduqca mühüm bir səfərdir. Çox şükür, Azərbaycanın çətin və ağır günlərinin geridə qaldığına diqqət yetirsək, o zaman bu gəlişin yaxşı bir səfərə işarə olduğunu ifadə edə bilərik. Deməli, bu mühüm səfər çərçivəsində elə mühüm qərarlar da qəbul ediləcək.
Düşünürəm ki, Ərdoğanın Bakıda söylədiyi hər bir cümlə bütün dünyaya ciddi mesajdır. Qardaş ölkənin liderinin Azərbaycanın paytaxtında olması, hələ bir gün əvvəldən gəlib Bakıda gecələməsinin arxasında siyasi məqamlar dayanır: O, özünü qardaşının evində öz evində olduğu kimi hiss edir. Əgər sən qardaşının yanında, qardaşının evindəsənsə, deməli əmin-amanlıqdasan. Həmçinin qardaşın sənin yanında və ya evindədirsə, yenə də əmin-amanlıqdasan.
Tarixdən hər kəsə məlumdur ki, Azərbaycan-Türkiyə əlaqələri heç bir zaman indiki dövrdəki kimi inkişaf mərhələsində olmayıb. İki ölkə arasındakı münasibətlərin hazırkı mərhələsinə həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasətləri nəticəsində nail olunub. Bununla yanaşı bu əlaqələrin bu templə inkişafında hər iki ölkənin liderlərinin bir-birilərinə olan qardaşlıq münasibətlərinin böyük rolu vardır. Odur ki, düşünürəm ki, Azərbaycan-Türkiyə əlaqələrinin son illər yüksələn xətlə inkişafında Əliyev-Ərdoğan amili böyük rol oynayır. Məhz bu iki liderin bir-birini qucaqlaması hər iki ölkənin vahid Türk xalqının bir-birinə sarılması deməkdir.
Məlumdur ki, Türk xalqları və dövlətləri arasında münasibətlərin yaxınlaşmasında həm Ərdoğanın, həm də İlham Əliyevin xidmətləri danılmazdır. Son bir ildə Azərbaycan liderinin bir sıra Türk dövlətlərinə səfəri bu yaxınlaşmanın bariz nümunəsidir. Bununla yanaşı Türk xalqlarını təmsil edən Türk ölkələrin Türk Dövlətləri Təşkilatında bir araya gəlməsi bu əlaqələrin daha da möhkəmlənməsinə səbəb olur.
Hesab edirəm ki, Türk xalqları və dövlətləri arasında əlaqələrin möhkəmlənməsində Böyük Türk liderləri olan Əliyev və Ərdoğanın mühüm rolu vardır.
Toğrul Allahverdili,
“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri,
İnterpress.az-ın baş redaktoru