Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında Brüssel formatı barədə də danışıb. O, qeyd edib ki, Brüssel formatı Ermənistan və Azərbaycan liderlərinin təmas qurmaları üçün əlavə dəstəkverici mexanizmdir. Dövlət başçısının sözlərinə görə, bu formatın fərqi ondan ibarətdir ki, Minsk qrupunda üzvün biri Fransa idi, bu gün isə Fransa artıq yoxdur.
Prezident qeyd edib ki, Fransa Avropa formatında o qədər də rəsmi vasitəçi deyil. Bu faktor müəyyən təzyiqləri aradan qaldırır, gərginliyi götürür ki, iki lider bir-biri ilə danışsın və bir-birinin mövqeyini daha yaxşı başa düşsün.
Məlum olduğu kimi, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması ilə bağlı üç əsas format var. Bunlar Moskva, Vaşinqton və Brüssel platformalarıdır. Hər üç tərəf istəyir ki, əsas moderatora çevrilsin və sülh müqaviləsi məhz onun vasitəçiliyi ilə imzalansın. Əlbəttə, vasitəçilik iddiasında olan tərəflərdən hər birinin öz maraqları var.
Düşünə bilərik ki, Brüssel formatı digərlərinə, xüsusilə də Moskva platformasına nisbətən daha uğurludur. Bunu proseslərin inkişafı da göstərir. Təsadüfi deyil ki, Ermənistan və Azərbaycan arasında əsas razılıqlar məhz Belçikada əldə olunur.
Brüssel formatının daha uğurlu olmasının bir neçə səbəbi var. Bunlardan birincisi Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı sıx əməkdaşlıqdır. Aİ Azərbaycanın regiondakı rolunu və bizim yaratdığımız yəni reallıqlar yaxşı başa düşür.
İkincisi, Aİ- nin regional maraqları daha çox iqtisadi kontekslidir. İqtisadi maraqların təmin olunması üçün isə regional təhlükəsizlik və nəqliyyat kommunikasiyaların açılması şərtdir. Ona görə də Brüssel sülh müqaviləsi məsələsinə daha səmimi yanaşır.
Üçüncüsü, Aİ hazırkı geosiyasi vəziyyətdən istifadə edərək Rusiyanı regiondan çıxarmaq istəyir. Ona görə də bu qurum Cənubi Qafqazda “düyünlərin açılmasına” səy göstərir.
Dördüncüsü isə məhz Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Minsk Qrupundan fərqli olaraq Brüssel formatında Fransanın yer almamasıdır. Məhz buna görədir ki, proseslər tormuzlanmır, əksinə, müsbət templə inkişaf edir.
Doğrudur, rəsmi Paris yenə də riyakarlıq etməyə, proseslərə müdaxilə etməyə çalışır. İmkanı olsa bunu edər də. Amma artıq vəsiyyət dəyişib. Artıq güclü tərəf rəsmi Bakıdır. Elə buna görə Vətən müharibəsinə qədərki dövrdən fərqli olaraq bir çox beynəlxalq təşkilatlar, o cümlədən Aİ bizim haqlı səsimizi eşidir.
Şübhəsiz ki, Aİ- nin səyləri, o cümlədən Brüsseldə müntəzəm olaraq keçirilən görüşlər sülhü daha da yaxınlaşdırır və etimad mühitinin formalaşmasına birbaşa töhfə verir. Ümid etmək olar ki, atılan addımlar sayəsində bundan sonra da müsbət nəticələr əldə olunacaq.
Kənan Novruzov
İnterpress.az