Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında Soçidə müəyyən sazişlər imzalana bilər. Bu barədə TASS Ankaradakı diplomatik mənbəyə istinadən xəbər verib. Bildirilib ki, sazişlərin imzalanması iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verə bilər.
Mənbə qeyd edib ki, hər şey danışıqların nəticəsindən asılı olacaq.
Məlum olduğu kimi, liderlərin sentyabrın 4-də Soçidə görüşəcəyi gözlənilir. Onların Ukraynadakı müharibəni, o cümlədən “Taxıl sazişi”nin perspektivini müzakirə edəcəkləri bildirilib.
Putinlə Ərdoğanın ehtimal edilən görüşü uzun müddətdir müzakirə olunur. Buna baxmayaraq, görüşün dəqiq yeri və tarixi hələ də məlum deyil. Səslənən fikirlər arasında rəsmi məlumat yoxdur. Bu, tərəflər arasında fikir ayrılığının olması ehtimalını ortaya qoyur.
Praktik baxımdan ölkə rəhbərlərinin hansısa sənəd imzalamaları mümkündür. Bu, xüsusilə enerji və infrastruktur sahələri ilə bağlı ola bilər. Ola bilsin ki, Putin və Ərdoğan sözügedən sahələrdə əməkdaşlığı gücləndirmək niyyətindədirlər. Amma sazişlər asanlıqla imzalanmayacaq. Bunun üçün tərəflərin “səhnə arxasında” ciddi addımlar atmasına, kompromisə getmələrinə ehtiyac var.
Məsələ ondan ibarətdir ki, Türkiyə Qərblə Rusiya arasında mümkün qədər balanslı siyasət yeritməyə çalışır. Rəsmi Ankara Ukraynanın ərazi bütövlüyünü, Rusiyanın işğal faktını tanıyır. Bununla belə, Türkiyə Rusiya ilə münasibətlərin qorunmasında maraqlıdır. Çünki Rusiya ilə Türkiyənin partnyorluq münasibətləri var. Üstəgəl, liderlər bir-birilərini yaxşı anlayırlar.
Əgər iddia edildiyi kimi olarsa, yəni dövlət başçıları hansısa sənədlər imzalayarlarsa, bu Türkiyənin indiyə qədər davam etdirdiyi balanslı siyasətə təsir göstərə bilər. Hər halda Qərb bu addımı xoş qarşılamayacaq. Hərçənd rəsmi Ankara müstəqil, kimsədən asılı olmayan siyasət yeritdiyini dəfələrlə ifadə edib. Odur ki, Ankara indi də proseslərə öz maraqları kontekstindən yanaşacaq. Əgər sazişlərin əldə olunması milli və dövlət maraqlarına uyğundursa, Türkiyə buna gedəcək.
İndiki məqamda Türkiyə ilə əməkdaşlığın gücləndirilməsi Rusiyaya sərf edir. Amma bunun üçün Moskva Ankaranın bəzi şərtlərini yerinə yetirməlidir. Əgər Rusiya xüsusilə Cənubi Qafqazla bağlı Türkiyənin şərtlərini yerinə yetirərsə, onda tərəflər arasında əməkdaşlıq güclənə bilər.
Kənan Novruzov
İnterpress.az