İranda bəzi təşkilatlar hakimiyyətin tətbiq etdiyi hicab qaydalarını pozduğuna görə həbs olunan və işgəncə nəticəsində öldürülən gənc qadın Məhsa Əmininin qətlə yetirilməsinin ildönümü ilə əlaqədar etiraz aksiyası keçirməyi planlaşdırırlar.
Bildirilib ki, sentyabrın 16-da İranın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilə bilər: “Təşkilatçılar artıq etirazlarla bağlı təbliğat kampaniyalarına başlayıblar. Onlar aksiyalarla bağlı elanları kağız valyutalara yazır və paylayırlar”.
İnstitutun məlumatına görə, İrandakı mövcud rejim etirazların qarşısını almaq üçün addımlar atır: “Hakimiyyət baş verən nümayişləri dağıtmağa çalışacaq. Rejim etirazçıların ailə üzvlərinin həbsini davam etdirir. Bundan başqa, universitetlərdə respressiyalar gücləndirilib. Təkcə avqustun 29-da ən azı 10 professor işdən çıxarılıb. Rejim universitetləri hədəfə alır, çünki keçən ilki Məhsa Əmini hərəkatına ali məktəb tələbələri başçılıq edirdi. Rejim həmçinin Kürdüstan vilayətinin müxtəlif şəhərlərinin girişlərində nəzarət-buraxılış məntəqələri qurub, Kürdüstan və Qərbi Azərbaycan vilayətlərinə təhlükəsizlik qüvvələri və helikopterlər yerləşdirib. Çünki 2022-ci il sentyabrın 16-dan dekabrın 22-dək rejim əleyhinə etirazların təxminən 21 faizi Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində baş verib”.
Məlum olduğu kimi, 2022-ci il sentyabrın 16-da 22 yaşlı M.Əmini İran rejiminin tətbiq etdiyi hicab qaydalarını pozduğuna görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Həmin hadisədən sonra İranda etiraz aksiyaları uzun müddət davam etdi.
Uzun müddət davam edən aksiyanın nəticələri indiyədək qalmaqdadır. Bir çox ekspert həmin aksiyaların molla rejimini zəiflədəcəyini düşünürdü. Doğrudur, hakimiyyətə təsir zahirən görünmür. Buna baxmayaraq, “pərdəarxasında” müəyyən proseslərin getməsi mümkündür.
Etirazçıların yenidən ayağa qalxmağa hazırlaşması onu deməyə əsas verir ki, “sular durulmayıb”.
Əlbəttə, mövcud rejim mümkün qədər çalışacaq ki, ehtimal edilən aksiyanın qarşısını alsın. Bunun üçün qarşıdakı günlərdə müəyyən addımların atılması mümkündür. Amma repressiyaların genişlənməsi əks effekt verə, etirazçıları daha da qəzəbləndirə bilər. Bu mənada molla rejimi ehtiyatlı olmalıdır.
Göstərilən tarixdə İranda etiraz aksiyalarının keçirilməsi mümkündür. Çünki əhali bezib. Bir çoxu üçün Məhsa Əminin ölümü sadəcə bəhanədir. Onlar əslində mövcud rejimə qarşı çıxırlar. Üstəgəl, xarici qüvvələrin, xüsusi ABŞ – ın da proseslərdə rol oynaması mümkündür. İstisna deyil ki, ABŞ hakimiyyəti dəyişməyə, ən azından iqtidarla xalqı üz – üzə qoymağa çalışır. Bunun üçün kifayət qədər ciddi əsaslar var.
Əgər aksiyalar baş tutarsa, hakimiyyət bu prosesin mümkün qədər beynəlxalq ictimaiyyətə çatmamasına çalışacaq. Çünki ciddiləşən etirazlar və artan repressiyalar Qərbin təzyiqlərinin güclənməsi ilə nəticələnə bilər. Tehran isə bunu istəmir. Odur ki, sentyabrın 16- da baş verəcəklər mümkün qədər qapalı saxlanılacaq.
Şübhəsiz ki, bir və ya bir neçə aksiya hakimiyyət dəyişikliyi, yaxud molla rejiminin ciddi islahatlara getməsi üçün kifayət etməyə bilər. Amma proses ona doğru gedir. Üzərindən bir il keçməsinə baxmayaraq, aksiyaçılar hələ də sakitləşməyibsə, görünür, etirazların arxasında dayanan konkret hədəflər var.
Kənan Novruzov
İnterpress.az