Ötən il açıq məkanda qanunvericiliyin tələblərinə cavab verməyən 7 760 reklamın yayımı dayandırılıb.
Bu barədə İnterpress.az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Reklam Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, bunlardan 842-si yəni 10,8 %-i dövlət dili normalarının pozulması halları ilə bağlıdır: “Bu 2022-ci illə müqayisədə azdır. Nəticə ondan xəbər verir ki, aparılan maarifləndirmə işləri öz müsbət nəticəsini verir”.
Həmçinin bildirilib ki, Agentlik açıq məkandakı reklamlarda dövlət dilinin qorunması prosesini mütəmadi olaraq davam etdirir.
Qeyd edək ki, “Reklam haqqında” qanunun 4.7-ci maddəsinin, həmçinin “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun 7-ci maddəsinin müddəalarına görə reklamda dövlət dilinin tələblərinə riayət edilməlidir.
Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində dövlət dili ilə yanaşı digər dillərdən də istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətnində digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qeydə alındığı formada göstərilməlidir. Həmçinin, qanunvericiliyə əsasən sahibkarların bazarda özlərini istehlakçıya öz adları ilə tanıtmaq hüququ var ki, xarici dildə ada malik olan ticarət və xidmət obyektləri həmin hüquqlarından istifadə edirlər.