Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin qlobal gəmiçilik marşrutu olan Süveyş kanalından əldə etdiyi gəlirin 40-50 faiz azaldığını bildirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Misirin rəsmi agentliyi MENA-nın məlumatına görə, Sisi Qahirədə 2024 Misir Beynəlxalq Sərgi Mərkəzi Konfransında verdiyi açıqlamada Süveyş kanalının gəlirləri haqqında məlumat verib.
“Misirə daşıma xəttinin (Süveyş kanalı) ildə təxminən 10 milyard dollar olan gəliri 40-50 faiz azalıb. Misir 2 il ərzində Covid-19 epidemiyasının, daha sonra Ukrayna-Rusiya böhranının, daha sonra Liviya və Sudanla sərhədlərində gördüklərinin əks-sədası ilə üzləşdi. Hazırda Qəzza zolağında yaşanan böhranla nəqliyyat dəhlizi Misirə ildə təxminən 10 milyard dollar gəlir gətirən bir məsələni də süquta yetirir. Şikayət etmirik, gerçəklərdən danışırıq”, – Sisi azalmanın səbəbi ilə bağlı bunları deyib.
Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) da yanvarın 26-da Qırmızı dənizdəki hücumlar səbəbindən Süveyş kanalından həftəlik keçidlərin son iki ayda 42 faiz azaldığını açıqlayıb.
Dünyanın ən mühüm kanal və boğazlarından biri olan Süveyş kanalı Avropa ilə Asiya arasında ən qısa gəmiçilik yolu olmaqla yanaşı, Misirin əsas valyuta mənbələrindən biri hesab olunur.