Bizim mina axtarışı ilə bağlı müxtəlif ölkələrdə apardığımız fəaliyyətlərə görə böyük təcrübəmiz var. Biz ANAMA ilə əməkdaşlığımızı daha da genişləndirəcəyik.
İnterpress.az xəbər verir ki, bunu BMT Baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç Zəngilanda jurnalistlərə açıqlamasında deyib.
“Region ölkələri ilə yanaşı, Azərbaycanda da minatəmizləmə sahəsində fəaliyyət göstərənlərə təhsil, həm də təcrübə biliklərinə yiyələnməyə dəstək olacağıq. Bu bizim ANAMA ilə əməkdaşlığımızın sadəcə başlanğıcıdır”, – BMT rəsmisi vurğulayıb.
O, ANAMA-nın minatəmizləmə sahəsində böyük təcrübəyə malik olduğunu qeyd edib: “Etiraf etmək lazımdır ki, ANAMA əməkdaşlarının təcrübələri başqa ölkələrdə də tətbiq edilməkdədir. Burada ərazilərin minalardan təmizlənməsi prosesində ən müasir üsullardan istifadə olunmaqdadır. Bura innovativ texnologiyalarla yanaşı, süni zəka və eləcə də heyvanlardan istifadə də daxildir. Biz də beynəlxalq təşkilat olaraq Azərbaycandakı bu fəaliyyəti dəstəkləyirik”.