Xəzər dənizində süni torpaq sahələrinin yaradılması haqqında qanun təsdiqlənibbackend

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması haqqında qanun təsdiqlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında qanun təsdiqlənib.

İnterpress.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu təsdiqləyib.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərinə uyğun olaraq, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyir, süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edir.

1-ci fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Süni torpaq sahəsi anlayışı

Bu Qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi başa düşülür.

Maddə 2. Süni torpaq sahələrinin yaradılması haqqında qanunvericilik

2.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının Torpaq, Su, Şəhərsalma və Tikinti məcəllələrindən, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.

2.2. Dəniz limanlarının fəaliyyətinin təmin edilməsi məqsədləri üçün süni torpaq sahələrinin yaradılması və onların istifadəsinin xüsusiyyətləri “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Maddə 3. Süni torpaq sahələrinin yaradılma formaları və süni torpaq sahələrinin yaradılmasına dair ümumi tələblər

3.1. Süni torpaq sahəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində (bundan sonra – su fondu torpaq sahəsi) ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla bilər.

3.2. Dəniz üzgüçülüyünə təhlükə və maneə yaradan süni torpaq sahələrinin yaradılması qadağandır.

3.3. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada layihə sənədlərinin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi olmadan və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən süni torpaq sahəsinin yaradılmasına yol verilmir.

2-ci fəsil

SÜNİ TORPAQ SAHƏSİNİN YARADILMASI BARƏDƏ

MÜRACİƏTƏ BAXILMASI QAYDASI

Maddə 4. Süni torpaq sahəsinin yaradılması üçün müraciət

4.1. Aidiyyəti dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər süni torpaq sahəsinin yaradılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edə bilərlər.

4.2. Müraciətdə süni torpaq sahəsinin yaradılması üçün ayrılmalı su fondu torpaq sahəsinin yerləşdiyi yer, ölçüsü, süni torpaq sahəsinin yaradılması məqsədi, üzərində inşa ediləcək tikinti obyektlərinin təyinatı və növü, süni torpaq sahəsinin yaradılması və tikinti obyektlərinin inşası ilə bağlı işlərin başa çatma müddəti göstərilir.

4.3. Müraciətə aşağıdakı sənədlər və məlumatlar əlavə edilməlidir:

4.3.1. süni torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyəti ilə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müfəssəl planların hazırlanması üçün lisenziyası olan layihəçinin hazırladığı süni torpaq sahəsinin baş planı (ayrılmalı su fondu torpaq sahəsinin yerləşdiyi yer, ölçüsü, yaradılması nəzərdə tutulan süni torpaq sahəsinin forması, sayı, o cümlədən sahilboyu zolaqla bitişik olan süni torpaq sahələrinin sayı və planlaşdırılan sərhədlərin cizgiləri, onların ölçüsü, ərazinin tikinti əmsalı və tikinti sıxlığı əmsalı, inşa ediləcək tikinti obyektlərinin təyinatı, növü və hündürlüyü göstərilməklə);

4.3.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada layihə sənədlərinin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi.

4.4. Süni torpaq sahəsinin bu Qanunun 3.1-ci maddəsinə uyğun olaraq Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağına bitişik yaradılması və tikinti obyektlərinin süni torpaq sahəsi ilə yanaşı sahilboyu zolaqda tikintisi nəzərdə tutulduğu hallarda bu Qanunun 4.2-ci maddəsində göstərilən müraciətdə həmçinin bu məqsəd üçün ayrılmalı olan sahilboyu zolağın altında olan torpaq sahəsinin ölçüsü göstərilməlidir. Bu zaman bu Qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulan baş planda göstərilən məlumatlarda həmçinin sahilboyu zolaqda yerləşən torpaq sahəsi haqqında məlumatlar da əks edilməlidir.

4.5. Müraciətdə və ona əlavə olunan sənədlərdə (məlumatlarda) aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, müraciət daxil olduğu gündən 2 (iki) iş günündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onların aradan qaldırılması barədə məlumatı yazılı, o cümlədən elektron qaydada müraciət edənə (bundan sonra – sifarişçiyə) göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar sifarişçiyə eyni zamanda bildirilməlidir. Sifarişçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 20 (iyirmi) iş günü müddətində aradan qaldırmalıdır. Bu müddət ərzində çatışmazlıqlar aradan qaldırılmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sifarişçini yazılı, o cümlədən elektron qaydada 2 (iki) iş günü müddətində məlumatlandırmaqla müraciətin baxılmamış saxlanılması barədə qərar qəbul edir. Sifarişçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təkrar müraciət edə bilər.

4.6. Müraciətdə və ona əlavə olunan sənədlərdə (məlumatlarda) çatışmazlıqlar aşkar edilmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakıları yerinə yetirir:

4.6.1. müraciətə əlavə olunmuş süni torpaq sahəsinin baş planının ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğun olub-olmaması barədə ən geci 15 (on beş) iş günü müddətində rəy verilməsini;

4.6.2. bu Qanunun 4.6.1-ci maddəsində nəzərdə tutulan rəy müsbət olduğu təqdirdə 2 (iki) iş günü müddətində – süni torpaq sahəsinin yaradılması üçün ayrılmalı su fondu torpaq sahəsinin yerləşdiyi yeri, onun ölçülərini, sərhədlərini, habelə döngə nöqtələrinin koordinatlarını, yaradılması başa çatdıqdan sonra süni torpaq sahəsinin aid ediləcəyi kateqoriyası və məqsədli təyinatı haqqında qeydlərini əks etdirən yerquruluşu planının sifarişçinin vəsaiti hesabına hazırlanması və ayrılmalı su fondu torpaq sahəsinə, eləcə də yaradılması nəzərdə tutulan süni torpaq sahəsinə hesablanan icarə haqqının məbləği haqqında arayış verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sorğu göndərilməsini. Sorğuya barəsində müsbət rəy verilmiş süni torpaq sahəsinin baş planının sürəti əlavə olunur, habelə sorğuda planlaşdırılan tikinti obyektlərinin təyinatı və növündən asılı olaraq yaradılması başa çatdıqdan sonra süni torpaq sahəsinin aid ediləcəyi kateqoriyası və məqsədli təyinatı barədə təklif göstərilir;

4.6.3. bu Qanunun 4.6.2-ci maddəsində nəzərdə tutulan yerquruluşu planı təqdim olunduğu gündən 2 (iki) iş günü müddətində – süni torpaq sahəsinin yaradılması üçün ayrılması nəzərdə tutulan su fondu torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sifarişçinin vəsaiti hesabına aparılan mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabatın hazırlanmasının təşkilini və həmin hesabata dair rəy verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sorğu göndərilməsini;

4.6.4. bu Qanunun 4.6.1-ci və 4.6.3-cü maddələrində nəzərdə tutulan rəylər müsbət olduğu təqdirdə sonuncu rəy təqdim olunduğu gündən 2 (iki) iş günü müddətində – süni torpaq sahəsinin yaradılması təklifi ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəy bildirilməsi üçün sorğu göndərilməsini.

4.7. Bu Qanunun 4.6.4-cü maddəsində nəzərdə tutulan rəy ən geci 1 (bir) ay müddətində bildirilməlidir. Bu müddət ərzində rəy bildirilmədikdə, müsbət rəy verilmiş hesab olunur.

4.8. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 4.7-ci maddəsinə əsasən rəy bildirildiyi və ya bildirilmiş hesab olunduğu gündən ən geci 5 (beş) iş günü müddətində həmin müraciəti bu Qanunun 4.3.1-ci, 4.3.2-ci, 4.6.1– 4.6.4-cü maddələrində göstərilən sənədlərlə birlikdə baxılmaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.

Maddə 5. Süni torpaq sahəsinin yaradılması üçün müraciətə baxılması

5.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) süni torpaq sahəsinin yaradılması ilə bağlı bu Qanunun 4.8-ci maddəsinə uyğun olaraq təqdim edilən müraciətlə bağlı süni torpaq sahəsinin yaradılması təklifinin qiymətləndirilməsi, o cümlədən süni torpaq sahəsinin yaradılmasının və həmin torpaq sahəsində inşa olunacaq tikinti obyektlərinin xüsusiyyətlərindən irəli gələrək onun milli təhlükəsizliyə, ətraf mühitə, dəniz üzgüçülüyünə, su fondu torpaqlarından iqtisadi (təsərrüfat) ehtiyacları üçün istifadəyə mümkün təsirinin qiymətləndirilməsi məqsədilə təklifi aidiyyəti dövlət orqanlarına (qurumlarına), müvafiq bələdiyyələrə göndərə, habelə digər tədbirlər görə bilər.

5.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 4.8-ci maddəsinə uyğun olaraq təqdim edilən müraciətlə bağlı ən geci 2 (iki) ay müddətində süni torpaq sahəsinin yaradılması təklifini araşdırdıqdan sonra, təklifi tam və ya qismən nəzərə almaqla, süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin, bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulduğu hallarda həmçinin sahilboyu zolağın altında olan torpaq sahəsinin ayrılması, yaxud ayrılmasından imtina barədə qərar qəbul edir.

5.3. Süni torpaq sahəsinin yaradılması barədə qərara süni torpaq sahəsinin yaradılması üçün ayrılmış su fondu torpaq sahəsinin, bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulduğu hallarda həmçinin ayrılmış sahilboyu zolağın altında olan torpaq sahəsinin bu Qanunun 4.6.2-ci maddəsində nəzərdə tutulan yerquruluşu planı əlavə olunur.

Maddə 6. Süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərar

6.1. Süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərarda aşağıdakılar göstərilir:

6.1.1. ayrılmış su fondu torpaq sahəsinin, habelə bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulduğu hallarda ayrılmış sahilboyu zolağın altında olan torpaq sahəsinin ölçüləri (sahəsi);

6.1.2. yaradılması nəzərdə tutulan süni torpaq sahəsinin forması, sayı, o cümlədən sahilboyu zolaqla bitişik olan süni torpaq sahələrinin sayı;

6.1.3. yaradılması nəzərdə tutulan süni torpaq sahəsində tikintisi başa çatmış tikinti obyektlərinin istismarına icazə verildikdən sonra həmin torpaq sahəsinin aid ediləcəyi kateqoriyası və məqsədli təyinatı;

6.1.4. su fondu torpaq sahəsi və yaradılması nəzərdə tutulan süni torpaq sahəsi üzərində sifarişçinin hüququnun növü (istifadə, icarə);

6.1.5. dövlət və bələdiyyə orqanlarının öz səlahiyyətlərini həyata keçirməsinin təmin olunması üçün süni torpaq sahəsinin aid ediləcəyi inzibati ərazi vahidi (müvafiq yaşayış məntəqəsi göstərilməklə).

6.2. Süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin, bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulduğu hallarda həmçinin ayrılmış sahilboyu zolağın altında olan torpaq sahəsinin ayrılması barədə qərarda bu Qanunun 6.1-ci maddəsində göstərilənlərlə yanaşı həmçinin süni torpaq sahəsinin yaradılması və həmin torpaq sahəsində tikinti obyektlərinin inşası məqsədilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tikintiyə icazə alınması üçün 2 (iki) ildən çox olmayan, süni torpaq sahəsinin yaradılması və həmin torpaq sahəsində tikinti obyektlərinin tikintisi üçün isə 3 (üç) ildən az, lakin 6 (altı) ildən çox olmayan müddət müəyyən olunur.

6.3. Bu Qanunun 6.2-ci maddəsində müəyyən edilmiş müddətlər sifarişçinin əsaslandırılmış müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 2 (iki) ildən çox olmamaqla uzadıla bilər.

3-cü fəsil

SÜNİ TORPAQ SAHƏLƏRİNDƏ TİKİNTİ FƏALİYYƏTİ VƏ

SÜNİ TORPAQ SAHƏLƏRİ İLƏ BAĞLI MÜLKİYYƏT MƏSƏLƏLƏRİ

Maddə 7. Süni torpaq sahələrinin yaradılması və həmin torpaq sahəsində tikinti fəaliyyətinin xüsusiyyətləri

7.1. Süni torpaq sahəsində tikinti fəaliyyəti bu Qanunda müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilir.

7.2. Süni torpaq sahəsinin yaradılması ilə bağlı verilən tikintiyə icazədə həmçinin həmin torpaq sahəsində tikinti obyektlərinin inşası və qurulması da nəzərdə tutulmalıdır.

7.3. Süni torpaq sahəsində tikinti niyyətinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5.1-ci maddəsinin məqsədləri üçün tikinti layihəsinin bu Qanunun 4.3.1-ci maddəsində nəzərdə tutulan süni torpaq sahəsinin baş planına uyğunluğu yoxlanılır.

7.4. Yaradılması forması və üsulundan asılı olmayaraq süni torpaq sahəsinin yaradılması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən həyata keçirilən tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işlərinin ayrıca mərhələsi hesab edilir və həmin tikinti işlərinin tikinti layihəsinə uyğun olaraq aparılması və başa çatması tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Tikintiyə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu barədə 5 (beş) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidir.

Maddə 8. Süni torpaq sahələrinin yaradılması ilə bağlı mülkiyyət və icarə münasibətlərinin tənzimlənməsi

8.1. Bu Qanuna uyğun olaraq süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsi sifarişçi hüquqi və ya fiziki şəxs olduqda icarə hüququ ilə, sifarişçi dövlət orqanı (qurumu) olduqda isə istifadə hüququ ilə ayrılır.

8.2. Süni torpaq sahəsinin yaradılması ilə bağlı tikinti işləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq başa çatdıqda yaranmış süni torpaq sahəsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsində müəyyən olunmuş torpaq sahəsi statusuna malik olur və süni torpaq sahəsi haqqında məlumatlar torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada dövlət torpaq kadastrına daxil edilir.

8.3. Süni torpaq sahəsi onun yaradılması başa çatdığı gündən dövlət mülkiyyəti hesab edilir. Süni torpaq sahəsinin və ya onun bir hissəsinin özgəninkiləşdirilməsinə yol verilmir.

8.4. Süni torpaq sahəsi haqqında məlumatlar bu Qanunun 8.2-ci maddəsinə uyğun olaraq dövlət torpaq kadastrına daxil edildiyi gündən:

8.4.1. həmin torpaq sahəsi (süni torpaq sahəsinin baş planında dövlət mülkiyyətində olacaq infrastruktur obyektlərinin və dövlət xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan obyektlərin yerləşdiyi hissə istisna olmaqla) üzərində hüquqi və ya fiziki şəxs olan sifarişçinin icarə, dövlət orqanı (qurumu) olan sifarişçinin isə istifadə hüquqları yaranır. İcarə hüququ yaranmış sifarişçi 5 (beş) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan torpaq icarəsi müqaviləsini bağlamalıdır;

8.4.2. hüquqi və ya fiziki şəxs olan sifarişçinin süni torpaq sahəsinə görə icarə haqqı ödəmək vəzifəsi yaranır. Bu zaman sifarişçi su fondu torpaq sahəsinə görə icarə haqqı ödəməkdən azad olunur;

8.4.3. bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qərarla ayrılmış sahilboyu zolağa və sahilboyu zolağa bitişik formada yaradılmış süni torpaq sahəsinə münasibətdə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci hissəsinin tələbləri tətbiq edilmir.

8.5. Hüquqi və ya fiziki şəxs olan sifarişçi süni torpaq sahəsində, habelə bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulduğu hallarda həmçinin sahilboyu zolağın altında olan torpaq sahəsində inşa etdiyi bina və qurğuların istismarına icazə verildiyi gündən həmin bina və qurğular üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edə bilər. Sifarişçi bina və qurğulara mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı gündən onların yerləşdiyi torpaq sahəsinə görə icarə haqqı ödəməkdən azad olunur və süni torpaq sahəsi bu Qanunun 6.1.3-cü maddəsində göstərilən kateqoriyaya və məqsədli təyinata aid edilmiş hesab olunur, bu barədə məlumatlar isə dövlət torpaq kadastrına daxil edilir.

8.6. Bu Qanunun 6.3-cü maddəsi nəzərə alınmaqla bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə süni torpaq sahəsinin yaradılması başa çatmadıqda, su fondu torpaq sahəsi üzərində hüquqi və ya fiziki şəxs olan sifarişçinin icarə hüququna xitam verilmiş hesab edilir.

8.7. Yaradılması başa çatmış süni torpaq sahəsində bu Qanunun 6.3-cü maddəsi nəzərə alınmaqla bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə tikinti obyektlərinin tikintisi başa çatmadıqda, tikintisi başa çatmış və istismarına icazə verilmiş tikinti obyektlərinin yerləşdiyi hissələr istisna olmaqla, bu Qanunun 8.3-cü maddəsinə uyğun olaraq hüquqi və ya fiziki şəxs olan sifarişçinin icarə hüququnun yarandığı süni torpaq sahəsi üzərində icarə hüququna xitam verilmiş hesab edilir.

8.8. Süni torpaq sahəsində dövlətə məxsus daşınmaz əmlak obyektləri üzərində mülkiyyət, icarə və istifadə, habelə süni torpaq sahəsi və ya onun hissələri üzərində icarə və istifadə hüquqlarını əldə etməkdə hüquqi və fiziki şəxs olan sifarişçi üstünlük hüququna malikdir.

8.9. Bu Qanunun 8.8-ci maddəsinin müddəaları aşağıdakı hallara şamil edilmir:

8.9.1. dövlətə məxsus daşınmaz əmlak obyektləri üzərində mülkiyyət, icarə və istifadə hüquqlarının infrastrukturun yaradılması və dövlət xidmətlərinin göstərilməsi ilə bağlı ötürülməsinə;

8.9.2. bu Qanunun 8.4.1-ci maddəsinə uyğun olaraq infrastrukturun yaradılması və dövlət xidmətlərinin göstərilməsi üçün ayrılmış torpaq sahələri üzərində icarə və istifadə hüquqlarının həmin məqsədlərlə ötürülməsinə.

4-cü fəsil

YEKUN MÜDDƏALAR

Maddə 9. Süni torpaq sahəsinin yaradılması ilə bağlı icarə haqqının məbləği

Süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinə və süni torpaq sahəsinə görə ödənilən icarə haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Maddə 10. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.