Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin iclası keçirilib, iki vəkilin fəaliyyəti müvəqqəti dayandırılıb, birinə töhmət verilib.
Bu barədə İnterpress.az-a Kollegiyadan məlumat verilib.
Bildirilib ki, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran üç vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, onlara vəsiqələr təqdim edilib.
Həmçinin, Cinayət Prosessual Məcəlləsinə elektron cinayət təqibi ilə bağlı dəyişiklərə dair təkliflərə baxılıb və müsbət qərar çıxarılıb.
İclasda “Elektron vəkil orderi”nin tətbiqi ilə bağlı cari vəziyyət barədə məruzə dinlənilib. Nəzərə çatdırılıb ki, “Elektron vəkil orderi” vasitəsi ilə 37 Vəkil Bürosunda və fərdi qaydada fəaliyyət göstərən 18 vəkil tərəfindən indiyədək ümumilikdə 1000-dən artıq müqavilə imzalanılıb.
Həmçinin iclasda iki vəkilin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması və onların mükafatlandırılması qərara alınıb.
Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti 1 il müddətinə, 1 vəkilin fəaliyyəti 6 ay müddətinə dayandırılıb, 1 vəkilə töhmət verilib, 1 vəkilə irad tutulması barədə intizam tənbehləri tətbiq edilib, 3 vəkilə isə xəbərdarlıq olunub.