Xalq rəssamı Davud Kazımov vəfat edibbackend

Xalq rəssamı Davud Kazımov vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq rəssamı Davud Kazımov 2015-ci il fevralın 14-də 89 yaşında vəfat edib.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov görkəmli rəssamın vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Başsağlığında deyilir: “Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Davud Kazımov 2015-ci il fevral ayının 14-də 89 yaşında vəfat edib.

Davud Mehti oğlu Kazımov 9 noyabr 1926-cı ildə Bakı şəhərində anadan olub. İlk ixtisas təhsilini Ə. Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində alıb (1941-1945-ci illər). 1979-cu ildə isə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. 1947-ci ildən 1966-cı ilədək həmin məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub. 1946-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü idi. 1984-2001-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib, 1994-cü ildən həmin universitetin dosenti, 1996-cı ildən isə professoru olub. 2001-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının akademik rəngkarlıq kafedrasının professoru idi.

Pedaqoji fəaliyyəti ilə yanaşı fəal yaradıcılıq proseslərinə qoşulması, öz dövrünün hadisələrinə əsil ziyalı mövqeyindən yanaşması ilə də Davud Kazımov sənətsevərlərin arasında dərin hörmət qazanıb.

O, sərbəst yaradıcılıq fəaliyyətinə II Dünya müharibəsindən sonrakı dövrdə başlamışdır. Bu vaxt bir çox rəssamın, o cümlədən də Davud Kazımovun yaradıcılığında müharibə qəhrəmanlarının bədii obrazlarının yaradılması əsas yer tuturdu. Davud Kazımov ilk dəfə ictimaiyyətin diqqətini ordudan tərxis olunmuş əsgərin qarşılanma mərasimini əks etdirən “Əsgərin qarşılanması” adlı əsəri ilə özünə cəlb edib. Daha sonra onun yaradıcılığında müharibədən sonrakı dövrün dinc quruculuğuna həsr olunmuş mövzulara müraciət genişlənir. “Konsert-tapmaca” (1953), “Çimərlikdə” (1954), “Uşaq konsultasiyası” (1955) kimi əsərlərində Davud Kazımov uşaqlara aid olan məsələ və mövzulara toxunan rəssam kimi çıxış edir. Onun əsərlərində səmimiyyət, uşaq məsumluğu, onları əhatə edən qayğıkeşlik bacarıqla verilib. Bu əsərlər səmimiliyi ilə yanaşı əhval ruhiyyənin təzəliyi, hisslərin təmizliyi ilə də yadda qalır. Davud Kazımov öz dövrünün insanlarını, onların əhval ruhiyyəsini, psixoloji durumunu açıqlayan portret əsərlərinin də müəllifidir. Bu əsərlər rəssamın portret ustası kimi dəqiqliyini, dərin müşahidə qabiliyyətini, obrazların konkret xüsusiyyətlərini çatdırmaq istedadını əks etdirir. Mənzərə janrı ilə yanaşı, o, natürmort janrının əsl ustası kimi də tanınır.

Forma və məzmunun vəhdəti, realistik üslubu, özünəməxsus rəng yaxıları, plastik həllərin düzgünlüyü, ölçülü kompozisiya tərtibatı Davud Kazımovun yaradıcılığının əsas xüsusiyyətlərindəndir.

Sənətkarın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının bədii fondu, Rusiya, Türkiyə, İran, Macarıstan, Almaniya və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.

Ölkəmizdə müasir rəssamlıq məktəbinin təşəkkülü və inkişafında Davud Kazımovun böyük xidmətləri var. Pedaqoji sahədə səmərəli fəaliyyət göstərməklə o, özünün zəngin bilik və təcrübəsini gənc rəssamlar nəslinin yetişdirilməsi işinə həsr edib.

Davud Kazımovun yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olub və dövlət tərəfindən yüksək qiymətləndirilib. 1978-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı, 1992-ci ildə isə xalq rəssamı fəxri adlarına layiq görülməsi onun sənətinə, şəxsiyyətinə diqqət və ehtiramın parlaq ifadəsidir.

Görkəmli sənətkar, əsl ziyalı və qayğıkeş insan Davud Mehti oğlu Kazımovun işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

İnterpress.az