İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, “Məişət zorakılığına qarşı mübarizə məqsədilə ictimai müzakirələrin keçirilməsi” adlı layihənin icrasına başlayıb.
4 ay müddətində Bakı şəhəri, Masallı, Yardımlı, Biləsuvar, Lənkəran və Şamaxı rayonlarında həyata keçiriləcək layihənin məqsədi regionlarda məişət zorakılığına qarşı mübarizəyə dair təşəbbüslərin irəli sürülməsi, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun təbliği və işləmə mexanizmlərinin tapılması, məişət zorakılığı probleminin ictimailləşdirilməsidir. Eyni zamanda, müxtəlif strukturların problemin həlli istiqamətində birgə fəaliyyətlərinin tənzimlənməsi vasitəsilə bu problemin aradan qaldırılmasına kömək etmək də layihənin məqsədləri sırasındadır.
Layihə çərçivəsində ilk tədbir iyulun 12-də Şamaxı şəhərindəki Yaradıcılıq evində təşkil olunub. 20 nəfərin iştirak etdiyi tədbirdə əhali qrupu , yerli icra hakimiyyəti, bələdiyyələr, fəal qadınlar, rayonlarda fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbirdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun təqdimatı edilib.
Müzəkırələr aşağıdakı mövzular ətrafında təşkil olunub;
-Azərbaycanda məişət zorakılığı problemi, onun fəsadları,
-bu problemin həlli üçün qanunda nəzərdə tutulmuş müddəalar,
-qanunun tətbiq edilməsi üçün mexanizmlərin olmaması,
-zorakılığa məruz qalmış insanların hara və necə müraciət etməsi,
-bələdiyyələrin problemin həll üçün vəzifələri və məsuliyyəti,
-bələdiyyələrin nəzdində Qadın Otağının təşkili təşəbbüsü,
Eyni zamanda iştirakçıların fikir və təklifləri müzakirə edilib, məişət zorakılığına qarşı mübarizəyə dair təşəbbüslər dinlənilib. Mövzu ilə bağlı suallar cavablandırılıb.