Din və Qadın Hüquqları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Erkən və qohumlar arasında nikahların qarşısının alınması” adlı layihənin icrasına başlayır.
4 ay müddətində Azərbaycanın 6 rayonunda- Astara, Cəlilabad, Yardımlı, Biləsuvar, Masallı və Lənkəran rayonlarında həyata keçiriləcək layihənin məqsədi həmin bölgədə erkən və qohumlar arasında bağlanan nikah problemlərinin qarşısının alınması istiqamətində maarifləndirici tədbirlərin təşkil edilməsilə problemin ictimailəşdirilməsidir. Tədbirlərin hərəsində 20 nəfər olmaqla, ümumilikdə 120 nəfərin iştirakı planlaşdırılır.
Layihə çərçivəsində problemin ictimailəşdirilməsi üçün 6 Dəyirmi Masa və maarifləndirici seminar-treninq keçiriləcək. Tədbirlərdə əhali qrupu (qurbanlar və onların yaxınları), yerli icra hakimiyyəti, bələdiyyələr, dini icmaların nümayəndələri, təhsil işçiləri, hüquq-mühafizə və digər müvafiq dövlət orqanları, QHT və KİV nümayəndələri iştirak edəcək.
Tədbir əsnasında Ailə Məcəlləsindən, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanundan, Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 213 nömrəli Qərarından ümumi məlumat veriləcəkdir. Qanunun daha səmərəli işləməsi işləmə mexanizmləri barədə təkliflər verəcək, müxtəlif qurumların qanunun işləməsi üçün birgə fəaliyyəti və s. müzakirə ediləcək.
İştirakçılar erkən nikah problemi, onun mənfi nəticələri, fiziki və mənəvi zərərləri, onların aradan qaldırılması üçün qəbul edilən sənədlərdə cəza tədbirləri barədə maarifləndiriləcəklər. Erkən nikah problemini yaradan səbəblər müzakirə olunacaq və problemin həlli üçün müxtəlif təkliflər səsləndiriləcək.
Erkən nikaha məcburetmə və erkən nikah prosesində iştiraka görə qanunla müəyyən olunmuş cəzalar barədə, qohumlar arasında nigahın fəsadları haqda məlumatlar veriləcək, fikir mübadiləsi aparılacaq. Problemin mövcud olması və aradan qaldırılması üçün məsuliyyət daşıyan qurumların problemin həlli üçün birgə fəaliyyəti müzakirə ediləcək. İştirakşıların rəy və təklifləri toplanacaq.
Təşkilat layihənin həyata keçirilməsindən bu nəticələrin əldə olunacağını gözləyir;
-Altı rayondan olan əhalinin, yerli icra hakimiyyəti, bələdiyyələr, QHT-lər, dini icma, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) yerli nümayəndələri və KİV nümayəndələrinin diqqəti qaldırılan problemə yönələcək;
-Regionlardan olan əhali, həmçinin yerli icra hakimiyyəti, bələdiyyələr, QHT, KİV və dini icmalar, AQUPDK-ın yerli nümayəndələri, hüquq-mühafizə orqanlarının nümayəndələri problemlə bağlı rəylərini bildirəcək, təkliflər verəcəklər;
-Erkən və qohumlar arasında bağlanan nikah problemi ictimailəşəcək, problemin yaranma səbəbləri, mənfi fəsadları haqda əhalinin bilik və məlumatı artmış olacaq;
-Dövlət strukturlarının və cəmiyyətın diqqəti erkən və qohumlar arasında bağlanan nikah probleminə yönələcək
-Əhali erkən nikaha məcburetmə zamanı müvafiq cəza tədbirləri barədə məlumatlandırılacaq və müvafiq qurumların bu sahə ilə bağlı cəza tədbirlərinə əməl etmələrinə ictimaiyyətin nəzarəti artacaq.