90 saylı orta məktəbin direktoru Qurbantac Qazıbəyova APA-ya açıqlamasında bildirib ki, araşdırma nəticəsində şagirdin həmin müəllim tərəfindən döyülməsi təsdiqlənib. Onun sözlərinə görə, məktəbin idman müəllimi Emil Cəbrayılov Bakı şəhəri Təhsil İdarəsi tərəfindən bu gündən müvəqqəti olaraq işdən kənarlaşdırılıb: “Məsələ ilə bağlı 12 saylı Polis Bölməsi tərəfindən istintaq aparılır. Bu çox pis haldır. Belə bir hal məktəbdə olmamalıdır, amma olub. Hazırda istintaq davam etdirilir. Səbəbini bilmirəm, nəticəsini bilmək istəyərdim. Proses araşdırılması üçün polisə verilib. İşlərlə Bakı şəhəri üzrə Təhsil İdarəsi və Polis Bölməsi məşğuldur, biz özümüz nəticənin necə olacağından narahatıq”.
Qeyd edək ki, Orxan Həsənovun atası Mirələm Həsənov mətbuata açıqlamasında bildirib ki, bir həftə əvvəl şagird bədən tərbiyəsi müəlliminin maşının yanından keçəndə yerə tüpürərkən, tüpürcək onun maşınına düşüb. Maşının üstündə tüpürcək görən müəllim bərk qəzəblənib. Bunu Orxanın etdiyini öyrənəndən sonra isə onu axtarmağa başlayıb. Orxan isə müəllimin yanına gedərək ondan üzr istəyib. Bununla qəzəbi soyumayan müəllim Orxanı məktəbin boş otağına aparıb. Daha sonra Orxandan şalvarını soyunmağını tələb edib və şlanqla onun bədəninə vurmağa başlayıb. E.Cəbrayılov Orxanı döyərkən yanında onun sinif yoldaşları – Fuad və Xəyal da olub. Fuad və Xəyala da zərbə dəydiyi bildirilib.
İnterpress.az