Hakim Əhməd Quliyevin sədrliyi ilə qapalı keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib. Bundan sonra çıxış üçün söz dövlət ittihamçısına verilib. Lakin o, çıxışa hazır olmadığı üçün proses fevralın 20-dək təxirə salınıb.
Qeyd edək ki, Respublika Hərbi Prokurorluğu tərəfindən aparılan yoxlama nəticəsində Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilov işlədiyi müddətdə ciddi qanun pozuntularına yol verməsi aşkar edilib. Müəyyən olunmuş qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 308.2. və 341.1. (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ( Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda) maddələri ilə cinayət işi başlanıb və Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Aparılmış istintaqla müəyyən edilib ki, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddət ərzində vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb.
Onu da qeyd edək ki, ibtidai istintaq zamanı E. Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il dekabrın 30-da keçirilən hazırlıq iclası zamanı bu qərar dəyişdirilib. Belə ki, iclasda təqsirləndirilən şəxsin vəkili E. Xəlilovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatət verib. Məhkəmə vəsatəti təmin edib və E. Xəlilov məhkəmə zalından azadlığa buraxılıb.
İnterpress.az