Qərbin məqsədi Türk dünyasını parçalamaqdır – ŞƏRHbackend

Qərbin məqsədi Türk dünyasını parçalamaqdır – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı, Avropa dövrətləri çalışırlar ki, Mərkəzi Asiyada öz mövqelərini gücləndirsinlər. Bir müddət əvvəl, bilirsiniz ki, Səmərqənd şəhərində Avropa İttifaqı nümayəndələrinin o cümlədən Avropa Komissiyasının sədri Ursula fon der Leyen başda olmaqla böyük toplantı keçirildi. Orada Mərkəzi Asiya ölkələrinə, o cümlədən Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırızistana ciddi investisiyalarla bağlı söhbət oldu. Onlardakı müxtəlif layihələr, müxtəlif projelər üçün 12 milyard avro vəsaitin ayrılacağı gözlənilir. Bu, bu yolla Mərkəzi Asiya dövlətlərinin özlərinə tərəf çəkməyə çalışırlar.

Bu fikirləri İnterpress.az-a açıqlamasında 4 Türk dövlətinin Türkiyəyə qarşı çıxaraq onu təcavüzkar kimi tanıması və Şimali Kipri tanımayacaqları barəsində Aİ qarşısında öhdəlik götürməsi fonunda yaranan qalmaqalı şərh edən Azad Vətən Partiyasının sədri Akif Nağı səsləndirib.

“Burada bir məqsəd də odur ki, orada öz mövqələrini möhkəmləndirsinlər və Mərkəzi Asiyanın geniş imkanlarından, xüsusilə də neft-qaz imkanlarından istifadə etsinlər. İkinci məqsəd isə ondan ibarətdir ki, Avropanın bu gün çəkindiyi məsələlərdən biri Türk dünyasının, Turan dünyasının, birliyin formalaşması, türk dövlətlərinin bir araya gəlməsi, türk dövlətlərinin təşkilatının yaranması və getdikcə güclənməsi, siyasi, hərbi və iqtisadi güc mərkəzinə çevrilməsidir. Bundan çəkinirlər.

Ona görə bunu aradan qaldırmağa, parçalamağa çalışırlar. İkinci məqsəd ondan ibarətdir. Ona görə bu vədlərlə həmin ölkələrin rəhbərlərini, belə deyək ki, inandıra bildilər müvvəqqət bir dövr üçün.

Mən hesab edirəm ki, ötəri, keçəri bir məsələdir. Avropa bu istiqamətdə addım atırsa, onların özlərin də şərtləri var. Türk dünyasını parçalamaq, eyni zamanda Mərkəz Asiya dövlətlərinin Avropa yolunda olduğunu görmək üçün şərt kimi yunan Kiprinin tanınması məsələsini ortaya atırlar. Bilirlər ki, Türkiyə və Azərbaycan bu məsələdə bir mövqedən çıxış edir.

Ona görə Azərbaycana təşəbbüs edə bilmirlər. Amma Mərkəz Asiya ölkələri ola bilər ki, hələ də problemin içərisində deyillər, ona görə də onların istəklərini dərhal yerinə yetirdilər, yunan Kiprinin tanınması ilə bağlı orada şəfirliyin, böyük elçinin açılması ilə bağlı fikirlərini bildirdilər. Eyni zamanda, onun ardınca da Quzey Kıbrısı tanımayacaqlarını bildirdilər. Yəni bu, Avropanın onların qarşısında qoyduğu şərtlərdir. Ola bilər ki, məsələnin mahiyyətinə o qədər də varmadılar. Bir müddət sonra onlar yanlışlıqlarını anlayacaqlar”, – siyasətçi deyib.

Akif Nağı daha sonra qeyd edib ki, bu məsələdə Rusiyanın Mərkəzi Asiya dövlətləri üzərində hegemonluğunu da nəzərə almaq lazımdır.

“Burada başqa bir məsələ də var ki, Mərkəz Asiya ölkələri Avropa vasitəsilə Rusiyadan asılılığı azaltmağa çalışırlar. Rusiyanın Mərkəzi Asiyada təsir imkanları həddinə artıq böyükdür və Rusiya geri çəkirmir o mövqeyindən.

Mərkəzi Asiyada Rusiyanın təsirini bir qədər neytrallaşdırmaq istəyi də var. Onlar güman edirlər ki, bunu Avropanın köməyi ilə həyata keçirə bilərlər. Amma yanılırlar. Çünki Azərbaycanın, Türkiyə təcrübəsi aydın şəkildə göstərir və Türkiyəni Azərbaycanın liderləri dəfələrlə bildiriblər ki, Qərbə inanıb hansısa addım atmaq olmaz. Yanılırsınız, Qərb, Amerika sizin axıra qədər arxanızda dayanmayacaq.

Ermənistan etdi bu səhvi, hələ də onun acısını çəkir. Gürcüstan bu səhvi etdi, hələ də acısını çəkir. Çünki onlar Qərbə arxalandılar və Rusiya tərəfindən çox böyük zərbə aldılar. İndi də o vəziyyətdən çıxa bilmirlər. Ona görə də Mərkəzi Asiya Türk dövlətləri də bu cür yanlış bir yoldadırlar. Səhvlərini yəqin ki, başa düşəcəklər.

Biz çalışmalıyıq ki, onların üzərinə getməyək. Yəni kənardan bizi istəməyən qüvvələrin də məqsədi odur ki, onların bu hərəkətlərini biz qınayaq, Turan-Türk birliyini pozmaq üçün adamlar ataq, onları incidək. Ona görə bu məsələdə mən hesab edirəm ki, Türkiyə də, Azərbaycan da səbirli olmalıdır, səbirlə münasibətləri saxlamalıdırlar.

Yəni mürəkkəb dünyada bir mənalı xətt yoxdur. Bütün dövlətlər bir neçə istiqamətdə əlaqə saxlayır, münasibətlər qururlar. O cümlədən, Mərkəz Asiya respublikaları da həm Rusiya ilə münasibət saxlayırlar, həm Avropa ilə, həm Türk birliyi ilə.

Olsun, yəni, biz səbirli olmalıyıq. Onlar az vaxtdan sonra başa düşəcəklər ki, onların söykənə biləcəkləri əsas dayaq, arxa, güc, qüvvə Turan-Türk birliyidir, Türkiyə və Azərbaycanla bir yerdə olmalıdırlar. Bunu başa düşəcəklər. Ona görə bir qədər onları incitmədən, vaxtından əvvəl onların xətirinə dəymədən, qarşıdurma yaratmadan, səbirlə hadisələrin gedişini izləməliyik”, – partiya sədri bildirib.

Xuraman Etibarlı

İnterpress.az