Sabiq komandanın məhkəməsi davam etdirilirbackend

Sabiq komandanın məhkəməsi davam etdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şahin Sultanovun vəkili Adəm Məmmədovun verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Bundan sonra proses martın 5-nə təxirə salınıb. Həmin gün təqsirləndirilən şəxslər ifadə verəcəklər.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında ötən il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş. Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb.
Prosesdə Ş. Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

İş üzrə 30-dan çox təqsirləndirilən şəxs var.

Onu da qeyd edək ki, Bakı Hərbi Məhkəməsində böyük iclas zalı olmadığından işə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında baxılır.

İnterpress.az