Məhkəmədəki qətlə görə polis işdən çıxarıldıbackend

Məhkəmədəki qətlə görə polis işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, Balakən rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanma Təcridxanasının əməkdaşı, polis serjantı Aslan Məmmədov tutduğu vəzifədən kənarlaşdırılıb.

Balakən Rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov APA-ya açıqlamasında A. Məmmədovun cəzalandırıldığını təsdiqləyib: “Aslan Məmmədova intizam tənbehi verilib və o tutduğu vəzifədən azad edilib”.

Qeyd edək ki, məlum hadisə fevralın 4-ü axşam saat 17: 45 radələrində Balakən Rayon Məhkəməsində, məhkəmənin sədri Rafiq Kazımovun otağında baş verib. Hakimin otağında aparılan məhkəmə prosesində təqsirləndirilən Xanpəriyev Məhəmməd İlham oğlu zərərçəkənlərdən biri, 1996-cı il təvəllüdlü Elşən Etibar oğlu Xipiyev tərəfindən bıçaqlanaraq qətlə yetirib.

Hadisə baş verən zaman təqsirləndirilən şəxsə polis serjantı A. Məmmədov nəzarət edirmiş.

Fakta görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib. E.Xipiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xatırladaq ki, qətlə yetirilən Məhəmməd Xanpəriyevlə hadisəni törədən Elşən Xipiyev arasında olan münaqişə ötən ilin dekabr ayının əvəllərindən başlayıb. Belə ki, ötən ilin dekabr ayının 9-u məhkəmə prosesində qətlə yetirilən Məhəmməd Xanpəriyevlə həmkəndliləri 1991-ci il təvəllüdlü İlham İsak oğlu Xipiyev və İlham Xipiyevin qardaşı oğlu, Elşən Xipiyevlə (məhkəmə prosesində hadisəni törədən) şəxsi münasibətlər zəminində münaqişə baş vermişdi. Münaqişə zamanı Məhəmməd Xanpəriyev üzərində gəzdirdiyi bıçaqla İlham Xipiyevi və onun qardaşı oğlu Elşən Xipiyevi vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdi. Dekabr ayında bu hadisəni törədən, Məhəmməd Xanpəriyev barəsində Balakən Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan qərarı çıxarılmışdı.

İnterpress.az