“Budur Azərbaycanın fövqəladə sistemi?”backend

“Budur Azərbaycanın fövqəladə sistemi?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.

Zərərçəkmiş Tariyel Cavadov deyib ki, yanğın zamanı azyaşlı nəvəsi vəfat edib: \”Yanğın vaxtı mən Bakı Qızlar Universitetində imtahan götürürdüm. Qızım zəng edib dedi ki, ev yanır çıxa bilmirəm. Dedim hər şeyi atıb çıxın. Ordan çıxıb evə gəldim, çatandan sonra 4 saat gözlədim. Binanın beşinci mərtəbəsinə kimi çıxdım, gördüm boğuluram, geri qayıtdım. Mən çatanda yanğınsöndürənlər orda idi, amma yanğını söndürməyə xeyli gec başladılar. Bizə 74 min manat maddi ziyan dəyib. Yanğın sönənə yaxın bizə dedilər ki, hamı çıxarılıb, yaxınlarınızı xəstəxanalarda axtarın.

Ondan sonra qohumum zəng edib dedi ki, qızım Şahnaz Qəniyev tüstüdən zəhərlənib, amma yaxşıdı, 1 yaş 9 aylıq nəvəm Ömər Vüqar oğlu dünyasını dəyişib. Qızım sonra dedi ki, uşağı təhlükəsiz yerə keçirib, sonra özündən gedib. Bizim binada təxliyyə yolları yox idi. Bizə dəyən mənəvi ziyanın heç bir miqyası yoxdur. Mən 100 min manat təzminat tələb edirəm\”.

T.Cavadovun həyat yoldaşı Rəsmiyyə Mustafayeva ifadə verərək ərinin dediklərini təsdiq edib. Digər zərərçəkən Səbinə Manafova ifadə verərək yanğın vaxtı özünün işdə, anası Elvira Manafovanın evdə olduğunu deyib: \”Mən gəlib anamı binanın qarşısında tapdım. Qonşunun maşını ilə xəstəxanaya apardıq\”.

S.Manafova bildirib ki, binanın üzlənməsi 2013-cü ilin aprel ayında başa çatıb. Təqsirləndirilən Miryusif Mahmudov deyib ki, yanan binanın yaxınlığındakı yarımçıq tikili qanunsuz tikilib: \”Yanğın bitməmiş insanlar müsahibə verib deyirdilər ki, üzlük material keyfiyyətsiz olub, tərkibində qatqı olmayıb, ona görə yanıb. Axı siz yanğın davam edə-edə materialın necə olduğunu hardan bildiz? Ekspertiza buna ancaq 9 ay sonra cavab verib\”.

Zərərçəkən İlqar Vahabov isə ifadəsində deyib ki, yanğın vaxtı işdə olub: \”Yoldaşım Aysel Vahabova zəng edib dedi ki, bina yanır. Dedim, tez qaç çıx. Saat 11:01-də təkrar ona zəng etdim, cavab vermədi. Təxminən 10 dəqiqəyə evə gəldim. Uşaqlar məktəbdə idilər, amma stressdən heç ağlıma da gəlmirdi, elə bilirdim evdədilər. Yoldaşımı binanın yanında tapa bilmədim. Məktəbə getdim, gördüm ordadı, uşaqlarım da yanında idi. Mən təkrar binanın yanına qayıdanda gördüm yanğınsöndürənlər ordadı, amma su vurmurdular. Yanğın söndürüləndən sonra, axşam saat 9-10-da evə buraxdılar, qızıllarımızı götürüb çıxdım. Bizə 30 min manat maddi ziyan dəyib. Mən 10-cu mərtəbədə yaşayıram. Bizdən yuxarıda siqaret çəkənlər olub ki, kötüyü atıblar, düşüb poliuretanın üstünə, barmaq izi boyda yer əriyib, amma alışmayıb. Sakinlərdən kimsə test üçün üzlüyü yandırmaq istəmişdi\”.

Səbinə Manafova qeyd edib ki, poliuretanlar quraşdırılanda \”svarka\” zamanı bir material yana-yana yerə düşdü. O vaxt üzlənməni saxladılar. Atam da \”zajqalka\” ilə materialın bir parçasını yanıb-yanmamasını yoxlamışdı, ərimişdi, amma yanmamışdı. Sonra dedilər ki, analiz olunub, yanan material deyil və üzləməyə davam etdilər\”.

Naibə Mahmudova deyib ki, yanğın vaxtı evdə olub: \”Pəncərədən baxdım, gördüm aşağıda nəsə tüstüləyir, yumru şəkildə kağızlar yanırdı. Elə bil kimsə sıxıb ora qoymuşdu, yoxsa onları külək aparardı. On dəqiqə sonra gördüm güclü tüstü qalxır, pəncərələri bağlayıb, oğlanı götürüb qaçdım\”. Ərəstun Nemətov ifadə verərək deyib ki, yanğın başlamadan öncə həyətdə olub: \”Mən saat 7-dən binanın qabağında dayanırdım, taksiçi işləyirdim. Dedilər harasa yanır, gəlib gördüm həmin damın üstündə ağ tüstü çıxırdı. Yuxarı mərtəbələrə qışqırıb dedim ki, su tökün, sönsün. Tüstü alovlanmağa başlayanda evə qaçdım. Evdə yoldaşım, oğlum və nəvəm var idi. Onları liftlə aşağı düşürtdüm. Binadan çıxanda halımız özümüzdə deyildi. Nəvəm deyirdi ki, baba, ölürəm. Dedim qoymaram öləsən\”.

Yanğın zamanı vəfat edən Ayxan Babayevin nənəsi Zəhra Babayeva ifadə verib. O deyib ki, qızı yenicə ana olduğu üçün prosesə qatıla bilmir: \”Yanğın vaxtı rəfiqəm zəng edib dedi ki, binanız yanır, evdə kimsə var? Dedim uşaqla dayə evdədi. Dayə ilə danışdım, dedi yanğın böyükdü, çıxa bilmirik. Mən gəlib çatanda gördüm bizim mənzil tərəf yanmır, rahatlaşdım ki, indi söndürəcəklər. Orda itki az ola bilərdi, nəvəm sağ qala bilərdi. Biz FHN işçilərinə yalvarırdıq ki, binanın bu tərəfi yanmır, kranla çıxın adamları düşürdün. Saat 12-yə kimi nəvəm sağ olub. Dayə ilə danışırdıq, deyirdi daha nəfəs ala bilmirəm, uşaq da boğulur. Nə qədər sonra kran gəldi, 5-ci mərtəbədən yuxarı qalxmırdı. FHN işçiləri gəlmişdilər, maskasız idilər deyə binaya girə bilmirdilər. Özümüz girmək istəyəndə bizi vururdular, kürəkənimin alnını partlatdılar.

Deyirdik adamları çıxardın, qərargahın rəhbərliyi deyirdi qoy yanğını söndürək, sonra adamları çıxararıq. Bizə yalandan deyirdilər hamı bir otaqdadı, dayə də ordadı, uşaq da. Amma həmin vaxt uşaq ölübmüş. Ayxan saat 12:03-də boğulub. FHN işçisi çıxıb balkonda oturub siqaret çəkirdi. Saat 2-də kran gəldi, FHN işçisi binanın çölündən koridora baxıb deyirdi ki, \”adam yoxdu\”, daha binaya girmirdi. Özündən gedən adam gəlib dəhlizdə uzanır?

Budur Azərbaycanın fövqəladə sistemi? Biz çöldə dayanmışdıq, vertolyot suyu binanın üstünə yox, bizim üstümüzə tökürdü. Uşağı çıxaranda bizi qoymadılar təcili yardım maşınına minməyə. Uşağın köynəyinin üstündən ona iynə vurmuşdular. \”Semaşko\”ya getdik, siyahıya baxdım, gördüm Ayxanın adının üstündən xətt çəkiblər. Soruşdum, dedilər burda yoxdu, ona görə. Amma ölübmüş, bizə demədilər. Axşamüstü saat 5-də morqda tapdıq. Biz həmin gün hər şeyi yuxu kimi yaşayırdıq. Ayxan bizim ilk nəvəmiz idi. Biz onum yeriməyinə, dil açmasına sevinmişdik. Həkim ölüm kağızına yazıb ki, dəm qazından zəhərlənib ölüb. O həkimin üzünə tüpürərəm, orda dəm qazı var idi?!\”

Rəna Əhmədova deyib ki, yanğın başlayan vaxt evə gəlib: \”Gördüm nəsə ağ tüstü var, ordakı adamlardan soruşdum, dedilər nəsə yanğın var. Xətaidəki yanan bina gözümün qabağına gəldi. Tez yuxarı çıxıb, gəlinimlə nəvəmi götürüb binadan çıxartdım\”.

Yanğınsöndürən Xətai Şahverdiyev deyib ki, mayın 19-u səhər növbəni təhvil verib imtahana gedib: \”Orda Binəqədi rayonunun zabitlərinə dedilər ki, ərazinizdə yanğın var, gedin. Mən də Nəsimi rayonunun rəisi ilə danışıb icazə aldım, kömək üçün getdik. Biz imtahandan çıxıb getdiyimiz üçün formada deyildik, əsgər paltarındaydıq. Ora çatanda iş yoldaşlarımız dedi ki, temperaturdan qalxmaq olmur. Mən başıma papaq qoyub qalxdım, ratsiyam yox idi. On dördüncü mərtəbəyə kimi qalxdım, səkkizinci mərtəbədə uşaq meyiti gördüm, onu düşürməyi vaxt itkisi hesab etdiyim üçün yuxarı qalxıb sağ adam axtardım. 14-cü mərtəbədə açıq qapıdan girdim, yaşlı qadın var idi. Papağımı çıxarıb onun başına keçirtdim, bir az düşdük, dedi astmayam gəlmədi.

Mən paltarımı da, balonu da ona verib, özüm qaçaraq düşdüm. Sonra gördüm ki, həmin şəxs düşmək istəmir, qorxur. Qayıdıb onu götürdüm, 6-cı mərtəbəyə kimi düşdük. Orada yanğınsöndürənləri gördüm, tüstüdən zəhərlənmişdim, özümdən getdim. Əməkdaşlarımız bizi çölə çıxartdılar. Binadan çıxanda da şüşə sınıb qolumu kəsmişdi. Heç bir tələbim yoxdur\”.

Məhkəmə prosesi saat 14-də davam etdiriləcək. (qafqazinfo)

İnterpress.az