Həmdullah Qəzvininin yazdığına görə, tarixdə mövcud olmuş Mahmudabad şəhərini Elxani hökmdarı Mahmud Qazan xan öz adı ilə adlandırmışdır. Bəcrəvandan 20 fərsəx (təqribən 140 km), Ərdəbildən 40 fərsəx (təqribən 280 km) məsafədə yerləşirdi.
Mahmudabad şəhəri Güştasfi mahalının sənətkarlıq və ticarət mərkəzi olmuşdur. 1555-ci ildə Mahmudabadın hakimi Şərəfxan Bidlisi idi. Mahmudabad zərbxanasında Şirvanşahlar adından pul kəsildiyi də məlumdur.
1394-cü ildə Teymurun qoşunları, 1500-cü ildə isə I Şah İsmayılın qoşunları Mahmudabad yaxınlığında qışlaması barədə tarixi faktlar mövcuddur.
Tarixdən o da məlumdur ki, Ağqoyunlularla Teymurilər arasında vuruşmalardan biri də Mahmudabad yaxınlığında baş vermişdir (1468/69-cu ildə).
Ehtimal ki, XVII-XVIII əsrlərdə feodal ara müharibələri nəticəsində paytaxt Mahmudabad şəhəri tənəzzülə uğramışdır.
Son dövrlər tarixçilər Mahmudabad şəhərinin Azərbaycanın hansı ərazisində yerləşməsi barədə bir çox mülahizələr irəli sürsələr də bu mülahizələri təsdiq edən faktlar ortaya qoya bilməmişlər. Belə ki, bəzi tarixçilərə görə bu şəhər Səlyan, bəzilərinə görə isə, Masallı rayonunun (Mahmudavar kəndi) ərazisində ola bilərdi. Bu məqsədlə Qırxçıraq (Şirvan) və Mahmudavar kəndləri ərazisində arxeololji qazıntılar aparılsa da konkret qərar verilə bilməmişdir.
Son dövrlər Masallı rayonunun Eminli kəndinin tarixi ilə bağlı apardığım arxiv araşdırmaları nəticəsində çox qiymətli məlumatlar üzə çıxardım. Belə ki, əldə etdiyim sənədlər mənə yuxarıda bəhs etdiyim Mahmudabad şəhərinin mövcud olduğu yer haqqında dəqiq informasiyalar verdi.
Sənədlərdən məlum oldu ki, XX əsrin əvvəllərinə qədər Eminli kəndinin adı Mahmudlu olmuşdur. 1849, 1863, 1873, 1886-cı illərdə Çar hökumətinin tərtib etdiyi əhalinin siyahıya alınmasında da kəndin adı Mahmudlu yazılmışdır.
Belə ki, 1849-cu il siyahıya almasına görə, Mahmudluda 147 tüstü (ev) olmuş, 429 kişi yaşamışdır (qadınlar siyahıya alınmayıblar). Həmin ildə kənddə 147 ailə olmuş, 99 subay kişi, 10 nəfər isə yetim uşaq qeydə alınmışdır.
1863-cü il siyahıya almasına görə, Mahmudluda 143 tüstü olmuş, 936 nəfər əhali (o cümlədən 516 kişi, 420 qadın) yaşamışdır.
1873-cü ildə Mahmudluda 1068 nəfər əhali (598 kişi, 470 qadın) yaşamışdır.
Əhali əsasən heyvandarlıq, taxılçılıq, balıqçılıq, ovçuluq, gəmiçilik, çəltikçilik və tərəvəzçiliklə məşğul olmuşdur.
Mənbə: Azərbaycan Milli Arxiv İdarəsi, fond 43; siyahı 2; saxlanma vahidi 7201.
1918-ci ildə Mahmudlunun adı dəyişilərək, kənd sakini, zəngin xeyriyyəçi Emin Eminalı oğlunun (1781 – 1854) şərəfinə Eminli adlanmışdır.
Kənddə eminlilər, mahmudlular, abaslılar (onlara iranlılar da deyilir),salmanlılar, dəlivəlililər adlı nəsil və tirələr məskunlaşmışlar.
Qədim Mahmudlu (Eminli) kəndi təbii cəhətdən zəngin, bol məhsullu, strateji cəhətdən möhkəm bir yerdə, həmçinin Xəzər dənizinin sahilində yerləşdiyi üçün ən qədim zamandan yaşayış üçün çox əlverişli olmuşdur. Coğrafi mühit, şübhəsiz, cəmiyyətin inkişafının daimi və zəruri şərtlərindən biridir və bu mühit, əlbəttə, cəmiyyətin inkişafına təsir edir, cəmiyyətin inkişafının gedişini sürətləndirir və ya ləngidir.
Mahmudlu dəniz kənarında yerləşdiyi üçün, liman kəndi olaraq, Azərbaycanın şərq, qərb, şimal və cənub arasındakı əlaqəsində çox mühüm mövqe tutmuşdur. Bu isə, kənddə mədəniyyətin daha sürətlə inkişafına təkan vermişdir.
Onu da qeyd edim ki, 1960-cı illərdə AMEA-nın Arxeologiya İnsititutunun əməkdaşlarının Eminli (Mahmudlu) kəndi ərazisində mövcud olan Şəhriyar qalasında apardıqları arxeoloji qazıntılar zamanı neolit və eneolit dövrünə aid küp qəbirlər, tuncdan hazırlanmış bıçaq, xəncər, nizə, müxtəlif qablar və bəzək əşyaları aşkarlanmışdır. Tapılan bu maddi-mədəniyyət nümunələri sübut edir ki, hələ 4-5 min il bundan əvvəl bu ərazidə insanlar toplu şəkildə (cəmiyyət halında) yaşamışlar.
Burada aşkarlanan arxeoloji mədəniyyət nümunələrindən ən əhəmiyyətlisi küp qəbirlərdir. Bu nümunələrin xüsusiyyəti ondan ibarətdir ki, ölülər gildən düzəldilmiş çox iri küplərin içərisində basdırılmışdır. . Küpdə ölü basdırmaq adəti ən qədim dövrlərdə Misirdə, təxminən eramızdan əvvəlki üçüncü minillikdə (Beynənnəhreyndə) şumerlərdə adət imiş.
Amma, 1960-cı illərdə aparılan bu arxeoloji tədqiqatda məqsəd itmiş Mahmudabad şəhərinin yerini təsbit etmək olmadığından, həmçinin, qazıntı aparılan ərazinin (Eminlinin) qədim adının Mahmudlu olması faktı arxeoloqlara məlum olmadığından, bu mövzuda heç bir rəy yazılmamışdır.
Araşdırdığımız arxiv sənədlərinin və kənd ərazisində yerləşən qalada aparılmış arxeoloji tədqiqatların nəticələri belə bir qənaətə gəlməyə əsas verir ki, yuxarıda bəhs etdiyimiz paytaxt Mahmudabad şəhəri həmin bu Masallı rayonunun Eminli (Mahmudlu) kəndinin ərazisində olmuşdur. Əlbəttə, qəti və konkret fikir söyləmək üçün daha geniş arxeoloji tədqiqatlara ehtiyac vardır.
Qeyd: mövzu barədə geniş məlumatı müəllifin “Eminli Ensiklopediyası” kitabından əldə etmək olar.
Paşa Yaqub – tədqiqatçı-yazıçı