Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun Maliyyət dəstəyi ilə həyata keçirilən “Gənc KİV nümayəndələrinin İnformasiya Təhlükəsizliyində rolu” layihəsi çərçivəsində reallaşan tədbirdə Televiziya nümayəndələri, QHT nümayəndələri, eyni zamanda internet media kapitanları, jurnalist-ekspertlər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə ASGA-nın sədri, internet media ekspert Səbuhi Abbasov açaraq Milli dəyərlərin qorunmasında Televiziyaların rolundan danışdı: “İlk növbədə qeyd edim ki, informasiya təhlükəsizliyi cəmiyyətin sağlam istiqamətə yönəldilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Bu mənada Televiziyaların rolu çox önəmlidir. Azərbaycan müharibə şəraitində yaşayan ölkədir, torpaqlarımızəın 20 faizi işğal altındadır. Məhz buna görə bu istiqamətdə gələn bütün informasiyalara həssas yanaşmaq lazımdır. Bugün Azərbaycan dövləti, ölkə rəhbəri birmənalı şəkildə söz və mətbuat azadlığının tərəfdarıdırlar. Cənab Prezidentin qeyd etdiyi kimi Azərbaycan internet ölkəsidir. Bu mənada biz bütün bu imkanlarımızı düzgün dəyərləndirib, məqsədyönlü şəkildə düşmənə qarşı istifadə etməyi bacarmalıyıq”
Əməkdar jurnalist, media ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli çıxış edərək hərbi sahədə informasiyanın qorunmasının vacibliyindən danışdı: “Bu sahədə bəzi problemlər yaşandı və biz gördük ki, müəyyən strateji istiqamətlərdə boşluqlar var. Lakin mən çox sevinirəm ki, Azərbaycan gəncliyi sözün hər mənasında inkişaf edib və düşmənin bütün həmlələrinə cavab vermək gücündədir”
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatını sədr müavini Nərgiz Xələf çıxış edərək informasiya təhlükəsizliyində gənclər təşkilatlarının rolundan danışdı: “Vətəndaş cəmiyyəti daha müasir vasitələrdən istifadə edərək dünyada baş verən proseslərdə aktiv iştirak eləməlidir. Biz sosial şəbəkələrdə, xüsusilə də Twitter sosial şəbəkəsində aktiv iştirak etməliyik”
Sonra AMEA-nın elmi işçisi Cahid İsmayıloğlu çıxış edərək informasiya təhlükəsizliyində dil faktorundan danışdı: “Biz Televiziyalarda, mətbuatda Azərbaycan dilinin istifadə qaydalarına ciddi riayət etməliyik. Bu həm gənclərin, həm də yeniyetmələrin dilə olan münasibətini formalaşdıran əsas amillərdən biridir”
AzXeber.com saytının baş direktoru Əfsələddin Ağalarov isə çıxışında informasiya təhlükəsizliyini təminatında internet medianın rolundan danışdı: “Ötən il cəhbə xəttində baş verən proseslər onu göstərdi ki, internet media sahəsinə ciddi nəzarət lazımdır. Bəzi dezinformasiyalardan düşmən kəşviyyatı ciddi şəkildə bəhrələndi. Məhz Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məsələyə müdaxiləsindən sonra bu problem aradan qalxmağa başladı”
Sonra Ölkə.az xəbər saytının baş direktoru Məmməd Gülməmmədov jurnalistika sahəsində peşəkarların çalışmasının vacibliyindən danışdı: “Hesab edirəm ki, bu sahədə peşəkarlıq və yaradıcılıq çox böyük əhəmiyyətə malikdir. Bütövlükdə hesab edirəm ki, çalışdığı sahədən, sosial statusundan asılı olmayaraq hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirməlidir”
Xeber1.az saytının redaktoru Anar Məhərrəmov çıxışında internet mediaya üz tutan gənc jurnalistlərin praktiki biliklərinin artırılmasının vacibliyindən danışdı.
Sonda İctimai Televiziyanın Səhər proqramları departamentinin direktoru Rauf Rəcəbov çıxış edərək milli-mənəvi dəyərlərin qorunmasında Televiziyaların xüsusi rola malik olduğunu dedi: “Televiziyalar əsas təbliğat vasitəsi olaraq birmənalı şəkildə cəmiyyətin formalaşmasına təsir edir. Bizim hazırladığımız proqramların həm səviyyəsi, həm də çəkisi birmənalı şəkildə milli maraqlara hesablanmalıdır. Bayağı mövzular, eyni zamanda kriminal xəbərlər ifrat dərəcədə cəmiyyətə sırınmamalıdır. Bu qətiyyən yolverilməzdir. İctimai Televiziya bu mənada bütün məsələlərə çox həssas yanaşır”
Sonda layihənin şərtlərinə müvafiq olaraq monitorinqin nəticələri açıqlandı. Nəticələrə görə İctimai Televiziyanın Səhər proqramları departamentinin “Yeni Gün” proqramı “İLİN TELEVİZİYA PROQRAMI” mükafatına layiq görüldü.
İnterpress.az