İdarə rəisi miqrasiya sahəsində mövcud qanunvericiliyin əsas tələbləri, əsasən də tələbələrin təhsil alması ilə bağlı müəyyən qaydalar haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Görüş zamanı qeyd olunub ki, Azərbaycanda 10 gündən artıq yaşamaq istəyən əcnəbi, həmçinin tələbə ölkəyə gəldiyi gündən olduğu yer üzrə qeydiyyata alınmalıdır. Prosedur qaydası isə çox sadədir. Pasportun yalnız şəkil olan və ölkə ərazisinə girişin Dövlət Sərhəd Xidməti tərəfindən təsdiq edilmiş səhifəsinin surəti tələb olunur.
Azərbaycanda qanuni əsaslarla olduğunuz müddətdə sizə müvəqqəti yaşamaq üçün 1 il müddətinə icazə verilir. Tələbələrə dövlət rüsumunda xeyli güzəşt edilir. Belə ki, 1 illik yaşamaq üçün icazə alan əcnəbilər 120 manat ödədiyi halda, tələbələr üçün bu məbləğ 40 manatdır.
İdarə rəisi bildirib ki, Əmək Məcəlləsində və digər qanunlara görə, vətəndaşlığı olmayan şəxslər təhsil müddətində əmək fəaliyyəti ilə məşğul ola bilməz: “Yəni xarici ölkə vətəndaşı hansı məqsədlə gəlibsə, o məqsədlə də yaşamalıdır. Bəzən əcnəbi tələbələr təhsil haqqını ödəyə bilmədikləri üçün işlədiklərini deyirlər. Buna baxmayaraq, belə hallar aşkarlanarsa, əcnəbi tələbəni işə götürən hüquqi şəxs 30 000-35 000, sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər isə 3000-5000 manat məbləğində cərimə oluna bilərlər. Yaşayış yeri, qeydiyyatla bağlı qanunun tələblərini pozan əcnəbilərin özləri isə 300-400 manat məbləğində cərimə ödəməlidirlər. Əgər son 3 il ərzində qanun pozuntuları 2 dəfə təkrarlanarsa həmin şəxslər ölkədən məcburi çıxarılır, onların ölkəyə girişinə məhdudiyyət qoyulur. Hər bir əcnəbi vətəndaş ölkəmizdə yaşamaq imkanını leqallaşdırmalıdır”.
V.Qəhrəmanov görüş iştirakçılarının suallarını da cavablandıraraq rezidentura təhsili alan əcnəbilərin haqqı ödənilməyən əmək fəaliyyəti ilə məşğul olmasında heç bir qanun pozuntusu görmədiyini vurğulayıb. Onu da əlavə edib ki, xaricdən 2-4 həftə müddətinə mühazirə deməyə gələn professor və müəllimlər iş icazəsi almaqdan azaddırlar. Çünki bu məsələlər səfirliklər səviyyəsində həll olunur.
Əcnəbi tələbələrin şəxsi problemləri ilə bağlı suallara da aydınlıq gətirilən görüşdə Dövlət Miqrasiya Xidmətinə təqdim olunan tibbi arayışların ATU-nun klinikaları tərəfindən verilməsinin mümkünlüyü məsələsinə də toxunulub.
Görüşün sonunda ATU-nun xarici tələbələr və beynəlxalq münasibətlər üzrə prorektoru, dosent Rəhimə Qabulova Dövlət Miqrasiya Xidmətinin Baş idarə rəisi Vahid Qəhrəmanova əhatəli məlumatlara və izahlara görə təşəkkürünü bildirib. Söhbət zamanı Azərbaycan Tibb Universiteti ilə Dövlət Miqrasiya Xidməti arasına iş birliyinin vacibliyini vurğulanıb.
İnterpress.az