İnterpress.az xəbər verir ki, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.
Mərasimdə çıxış edən daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov DQ-nin inkişafından və xüsusilə son illərdə əldə etdiyi uğurlardan danışıb.
Daxili Qoşunların peşə və döyüş hazırlığının möhkəmləndirilməsi istiqamətində dövlət başçısının, daxili işlər nazirinin əmr və göstərişlərinin mütəmadi olaraq həyata keçirildiyini qeyd edən komandan bildirib ki, bu xüsusi diqqət və qayğıya şəxsi heyət öz layiqli xidməti ilə cavab verəcək, Döyüş Bayrağını hünərlə, böyük fədakarlıqla qoruyacaq, dövlətimizə və xalqımıza həmişə sədaqətli olacaq.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırıb.
Silahlı Qüvvələrimizin formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu xatırladan general-polkovnik onun ordu quruculuğu çərçivəsində Daxili Qoşunların da təkmilləşməsinə böyük önəm verdiyini xatırladıb, Daxili Qoşunların şəxsi heyətinin ərazi bütövlüyümüz və suverenliyimizin, dövlətçiliyimizin, milli mənafelərimizin keşiyində hər zaman ayıq-sayıq dayandığını, ölkəmizdə daxili sabitliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında əsas qüvvələrdən birinə çevrildiyini qeyd edib.
Daxili Qoşunların yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik mobil bir quruma çevrildiyini qeyd edən nazir ötən il sentyabrın 22-də ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sözügedən hərbi hissədə inşa olunan yeni şəhərciyin açılışındakı iştirakını məmnunluqla xatırladaraq, onun dəfələrlə hərbi hissələrdə olmasının, şəxsi heyətin sosial-məişət şəraiti ilə yaxından maraqlanmasının və göstərdiyi qayğının hərbi qulluqçuların döyüş ruhunun yüksəlməsinə təkan verdiyini, Vətənə, xalqa xidmət əzmini daha da artırdığını vurğulayıb.
Nazir bildirib ki, ictimai qaydanın qorunmasında və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqlənən şəxsi heyətin fədakar əməyi ölkə başçısı tərəfindən həmişə yüksək qiymətləndirilir, hərbi qulluqçular müxtəlif dövlət mükafatları ilə təltif olunur.
Son illərdə Daxili Qoşunların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilməsinin, nəinki paytaxtda, eləcə də regionlarda yerləşən hərbi hissələrdə geniş abadlıq və quruculuq işlərinin aparılmasının, müxtəlif təyinatlı obyektlərin, o cümlədən yeni hərbi şəhərciklərin, əsgər kazarmalarının tikilməsinin, zabitlər, gizirlər üçün hər bir şəraitə malik yaşayış komplekslərinin istifadəyə verilməsinin bunun bariz nümunəsi olduğu nəzərə çatdırılıb.
İnterpress.az