Bunu Lent.az-a paytaxtdakı məşhur restoranlarından birinin müdiri Rafiq Aslanov deyir. R.Aslanov hesab edir ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanuna qəbul ediləndən sonra qadağa alveri az da olsa zəiflədəcək, amma sonra stabilləşəcək: “Zamanla müştərilərimiz də alışacaqlar. Eşitdiyimə görə, “Siqaret çəkilməsi qadağandır” yazısı olmasa, iş yerini cərimələyəcəklər. Yox, əgər, yazı varsa, müştəri də siqaret çəkirsə, siqaret çəkəni cərimələyəcəklər. Dəqiq məlumat bilmək istəyərdim, bu halda həm də iş yerini cərimələyəcəklər, ya ancaq qadağanı pozan müştərini? Cərimələri kim edəcək? Necə edəcək? Bu haqda məlumatımız yoxdur. Ancaq ağızdan eşidirik. Konkret kimsə gəlib nəsə deməyib. Belə bir qurum varsa, gedib öyrənək…”
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun haqda ağızdan-ağıza, qulaqdan-qulağa eşitsələr də, restoranın divarlarına “Siqaret çəkilməsi qadağandır” yazısını artıq vurulublar, müştəriləri də cərimə ilə bağlı xəbərdarlıq edirlər.
***
Paytaxtın mərkəzi ərazilərində oyun klubu işlədən Vasif qadağanı dəstəkləsə də, onun obyektində tütün çəkilməsinin qadağan olduğunu göstərən yazı yoxdur. Müştərilər də həmişəki kimi, oyunun həyəcanına qapılıb, siqareti siqaretə calayırlar. İçəridə olduğumuz 5-10 dəqiqə ərzində tütünün tüstüsündən gözlərim yandığı halda, digər masada döyüş oyunu oynayan azyaşlı oğlanlar hallarından narazı deyillər. Görünür, yaşlarının az olmasına baxmayaraq, siqaret tüstüsünə alışıblar. Obyektin sahibi deyir, qanun qanundur, rəsmi göstəriş versinlər, nə lazımdırsa, edəcək. Rəsmi göstəriş gələnə qədər isə uşaqlar siqaret dumanı udmağa davam edəcək.
***
Baş çəkdiyimiz digər məkan uşaq bağçası oldu. Giriş qapısında bizi qarşılayan Əliqismət dayı təhsil və tərbiyə müəssisələri, onların ərazilərində siqaret çəkilməsi qadağan edilməsi haqda xəbərsiz oldu halda, bağçanın həyətində siqaret çəkilməsinə icazə vermədiyini deyir.
***
Siqaret qadağası səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların ərazilərinə də aid edilsə də, 5 saylı şəhər Klinik Xəstəxananı ziyarət zamanı xəstəxananın həyətində hər 5 nəfərdən 3-ünü siqaret çəkən gördük. Xəstəxananın həyətində müvafiq xəbərdarlıq elanı da vurulmamışdı. Xəstəxananın mühafizə xidməti ilə söhbətimizdə anladıq ki, onlara bu haqda məlumat verilməyib. Mühafizəçilər bir tərəfdən qadağanı dəstəkləsələr də, digər tərəfdən narazılıqlarını bildirdilər: “Onsuz da xəstə yaxınları ilə işləmək çətindir. Ha başa salırsan ki, içəri keçmək olmaz, yenə də israr edirlər. O gün sübh 5-də qapı bərk döyüldü. Fikirləşdim, yəqin Təcili Yardım xəstə gətirib. Qapını açıram ki, 2 xala dayanıb. Deyir, xəstəmiz var, Şəkidən görməyə gəlmişik. Mən onları başa sala bilmədim ki, görüş səhər 5-dən 7-yə qədər deyil, axşam 5-dən 7-yə qədərdir. İsrarla içəri keçmək istəyirdilər. Xəstəsi ölən olur, yaxud ağır vəziyyətdə yatan. Qohumları qapının ağzında gözləyirlər. Siqaret siqaretin dalınca çəkirlər. Adamların onsuz da dərdi başından aşır. Bu vəziyyətdə biz ona necə deyək ki, həyətdə siqaret çəkmək olmaz. Adamı parçalayarlar…”.
***
Qadağa müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillərinə də şamil edilir. Yoxlamaq üçün şəhər taksilərindən birinə minirik. Sürücüdən qadağa haqda soruşuruq. Şirkət rəhbəri tərəfindən ümumi məlumat verilsə də, yeni qanun hələ ki, icra olunmur. Sürücü gileylənir ki, müştəriyə başa salmaq olmur.
– Qızım, siqaret deyəndə adamın ağlına ilk kişilər gəlir. Vallah, indi qadınlar kişiləri keçib. O gün maşınıma 3 qadın mindi. Oturan kimi hiss etdim ki, içkilidirlər. Spirt iyi vurdu. Bir qədər getmişdik ki, qadınlardan biri siqaret çıxartdı. Özüm siqaret çəkən deyiləm, maşınımda çəkilməsini də xoşlamıram. Xəbərdarlıq etdim, səni eşidən kimdi? Çaxmaq çıxarıb siqaretini yandırdı. Bir də xəbərdarlıq etdim, xeyri olmadı. Axırda yarı yolda düşürdüm. Məndən müdiriyyətə şikayət etmişdilər. Belələri ilə nə edəsən? Qadağan ediblər? Lap yaxşı, bunu bir yoluna qoysunlar, biz də işimizi bilək.
***
Sosial şəbəkələri izləyəndə görürük ki, nəinki taksilər, hətta şəhərdaxili sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində də siqaret çəkilir. Bu dəfə qadağanı pozanlar sərnişinlər yox, elə sürücülərin özüdür. Bu məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin “ALO141” Qaynar Xəttinə dəfələrlə şikayət etmiş paytaxt sakini Günel Əliyeva dərdinə çarə tapdığını deyir.
– Bacardığım qədər “BakuBus” avtobuslarından istifadə edirəm. Metro da çarə ola bilərdi, lakin metro çıxışlarında siqaret çəkilməsəydi. Əsasən, “Gənclik” metro stansiyasında düşürəm. Metro çıxışından yox, ticarət mərkəzinin çıxışından istifadə edirəm. Düzdür, yolum xeyli uzanır, əsas odur zəhərli tüstünü udmuram.
***
Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda bildirilir ki, sərnişin daşımada sürücülərin siqaret çəkməsinin qarşısını almaq üçün Bakı Nəqliyyat Agentliyi qanunun tələbinin qısa vaxtda icrasının təmin edilməsi ilə bağlı müntəzəm sərnişindaşıma və taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə göstəriş verib. Bununla əlaqədar istehsalat bazalarında sürücülərlə müvafiq izahat işlərinin aparılması, sərnişinlərlə münasibətdə etik-davranış qaydalarına əməl edilməsi, həmçinin, nəqliyyat vasitəsinin təhlükəsiz idarəedilməsi ilə bağlı təlimatların verilməsi tapşırılıb.
Bu sabah bir neçə avtobus sürücünün yeni qanuna münasibətini öyrəndik. İşlərinin gərgin, stresli olduğundan danışdılar. Siqaretə də bu səbəbdən aludə olduqlarını dilə gətirdilər. Sürücülərdən birinin reaksiyası lap orijinal oldu: “Siqaret çəkməyim, ölüm?”
***
Sürücülər üçün “ölümcül” görünən siqaret qadağası 3 ildir ki, paytaxt küçələrində sərnişin daşımaqda olan “BakuBus” MMC avtobuslarında ilk gündən tətbiq olunur. MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyevin sözlərinə görə, hər zaman sərnişindaşımada təhlükəsizliyi “BakuBus”da prioritet vəzifə kimi qarşıya qoyub: “Söhbət həm də avtobusun sürücülər tərəfindən təhlükəsizlik qaydalarına uyğun şəkildə idarə olunmasından gedir. Buna görə də digər texniki məsələlərlə yanaşı sürücülərin hazırlanması və onlara fasiləsiz nəzarətin tətbiq olunması vacib şərtlərdəndir. Əvvəlcə işə götürülməzdən əvvəl sürücülərə keçirilən kurslarda təhlükəsizlik qaydaları ən xırda detalına qədər öyrədilir. Hətta əyani şəkildə sükan arxasında siqaret çəkən, telefonla danışan sürücülərin başına gəlmiş bədbəxt hadisələrin videogörüntüsü də nümayiş etdirilir. Eyni zamanda sürücülərimiz də bilir ki, avtobusun içərisində ayrıca olaraq sürücü kabinəsində quraşdırılmış kameralarla onların gündəlik fəaliyyəti izlənilir və hər hansı qayda pozuntusu aşkar olunursa, dərhal ciddi tədbirlər görülür. Eyni zamanda sürücülərlə rüblük və aylıq təşkil olunan toplantılarda sükan arxasında qaydaları pozduğuna görə inzibati qaydada cəzalandırılmış sürücülərlə bağlı ətraflı məlumatlar verilir, bir daha xəbərdarlıq olunur. Ümumiyyətlə, siqaretlə yanaşı bir sıra digər vasitələr də var ki, bunlar sükan arxasında oturan sürücünün diqqətini yayındırır və bədbəxt hadisənin baş verməsi üçün real şərait yaradır. Buna görə də hər “BakuBus” sürücüsü bu məsələnin nə qədər prinsipial olduğunu bilir və demək olar ki, son vaxtlar bu kimi qayda pozuntularına rast gəlmirik. Əlbəttə, sürücülər arasında siqaret çəkənlər var. Ancaq onlar siqaret və digər zəruri tələbatlar üçün ayrılmış vaxtlarda bunu edə bilərlər. Bu məsələni isə daxili nizam qaydalarına uyğun olaraq xətt nəzarətçiləri tənzimləyir. Ancaq istənilən halda biz hər zaman sürücülərimizə siqaretin zərərləri ilə bağlı məlumatlar verir sürücü peşəsi ilə yanaşı onların sağlamlığı üçün də problemlər yarada biləcəyini bildiririk. Sevindirici haldır ki, sürücülərimiz arasında siqareti tərgidənlər də az deyil. Bu cür iş şəraiti bəzi sürücülərimizin siqaret kimi arzuolunmaz vərdişindən xilas olmasına vəsilə olub”.
***
Siqaret qadağası hər kəs tərəfindən birmənalı qarşılanmır. Gülər neçə ildir çay evi işlədir. Gülər kimi bir neçə obyekt sahibiylə söhbətimizdə bildirdilər ki, bu qadağa onların obyektinin fəaliyyətinə mənfi təsir edəcək. Onların iddiasına görə, çay evinin müştəriləri ora dincəlməyə, əylənməyə gəlirlər. Yeni qadağa müştərilər tərəfindən müsbət qəbul edilməyəcək. Müəssisə xeyli sayda müştəri itirəcək. Çay evində hələ ki, qadağalar haqda yazılar vurulmayıb. Deyir, bu haqda rəsmi göstəriş almayıb. Ümumiyyətlə, bu və ya digər ticarət obyektlərinə siqaret qadağası ilə bağlı rəsmi məlumat verilmədiyindən iş yerləri öz işini köhnə axarında davam etdirir.
Qanunda isə göstərilir ki, Azərbaycanda təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində, restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində, ticarət obyektlərində, məişət obyektlərində, sosial xidmət müəssisələrində, yerləşdirmə vasitələrində, teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində, uşaq meydançalarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda, hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində, taksofonlarda, yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində siqaret çəkmək qadağandır.
Qanunun 10.2-ci maddəsində qeyd edilir ki, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri bu Qanunun 10.1-ci maddəsində göstərilən yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər. Həmçinin, bəzi yerlərdə tütün çəkmək üçün havalandırma sistemi ilə təmin olunan və ya açıq havada olan xüsusi yerlər təşkil edilə bilər. Tütün çəkmək üçün xüsusi ayrılmış yerlər sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchiz edilməlidir.
İnzibati Xətalar Məcəlləsinə 212-ci maddəsinə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə nəzərdə tutulub.
Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “Siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcək.
***
Bəs qanunun icra mexanizmi necə olacaq? Qanundan irəli gələrək İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəzaları kim tətbiq edəcək? Cəzaların icrasına kim nəzarət edəcək?
Azərbaycan Milli Məclisinin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli APA-ya müsahibəsində yaranmış sualların bir qismini cavablandırıb. Bildirib ki, İnzibati Xətalar Məcəlləsinin bütün maddələrinin icra mexanizmi var:
– Bu vəzifə, əsasən, hüquq-mühafizə orqanlarının, xüsusilə daxili işlər orqanlarının, müəyyən hallarda isə sanitariya-epidemioloji xidmətin üzərinə düşür. Məcəllənin digər maddələrinin icrasına nəzarət edən strukturlar buna da nəzarət edəcək. Məsələn, hansısa kafe və restoranda müvafiq maddələrin tələbləri pozulubsa, sahə müvəkkili buna nəzarət edəcək, cəriməsini tətbiq edəcək. Mübahisəli məqamlarda isə təbii ki, məhkəməyə müraciət oluna bilər. Burada əsas sıravi vətəndaş yox, müəssisənin, iaşə obyektinin rəhbəri məsuliyyət daşıyır. Qanunda yazılıb ki, ictimai yerdə siqaret çəkmək qadağandır. Qanunun pozuntusuna kim nəzarət edir? Təbii ki, polis. Daha da konkret desək, İnzibati Xətalar Məcəlləsinin icrasına kim nəzarət edirsə, bu qanunun tələblərinin icrasına da o nəzarət edəcək. Burada daha çox hüquqi şəxslərin məsuliyyətini əsas götürmüşük. Məsələn, şadlıq sarayında siqaret çəkilirsə, oranın sahibi buna görə məsuliyyət daşıyır. Ondan tələb olunacaq ki, niyə siqaret çəkənlər üçün xüsusi yer ayırmayıb, buna nəzarət etməyib və s. Əgər qanunun tətbiqində, tətbiqinə nəzarətdə nöqsanlar meydana çıxarsa, qanuna yenidən qayıdacağıq, bəzi sərtləşdirici, o cümlədən başqa elementlər əlavə edəcəyik.
Burası məlum. Başqa bir maraqlı sual var: qadağan edilmiş ərazidə siqaret çəkilməsi halı yalnız kamera görüntüsü ilə təsdiqlənirsə, o halda cəza nəzərdə tutulurmu?
Millət vəkili Rafael Cəbrayılov bildirir ki, bir insan tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılmış yerdə siqaret çəkirsə və o, kameraya düşübsə, onun cərimələnməsi bu gün üçün mümkün deyil.
– Hər hansı bir insan siqaret çəkirsə, bu gün o inzibati xətadır. Bu inzibati xəta fiksasiya olunmalı, yəni müvafiq qaydada protokolla qeydə alınmalıdır. Əks təqdirdə, şifahi şəkildə qeydə alınması düzgün deyil. Baxın, sürücünün iştirakı olmadan inzibati protokolların yazılması necə uzun təkamül yolu keçdi?! Əvvəl sadəcə sürət həddini aşmağa görə sürücünün iştirakı olmadan protokol yazılırdı, ondan sonra tədricən yan yola keçilməyə görə protokol yazıldı. Kamerada görünür ki, filankəs qadağan olunmuş yerdə siqaret çəkir, buna görə inzibati tənbeh düzgün deyil. Qanunvericiliyə gətirilməlidir ki, siqaret çəkənin özünün iştirakı olmadan protokolun yazılması mümkün olsun. Vətəndaş imtina edər ki, o mən deyiləm. Qanunsuzluğu qeydə alan müşahidə kameraları da təkmilləşməlidir. Vətəndaşın iştirakı olmadan protokol yazılırsa, bunu qeydə alan mexanizmlər çox mükəmməl olmalıdır ki, vətəndaşın etirazı üçün yer qalmasın. Amma bir gün bu da olacaq. İstənilən təsisat tətbiqi prosesində təkmilləşir və onun müsbət və mənfi cəhətləri meydana çıxır. O cümlədən də qanun tətbiq olunanda onun müsbət və mənfi cəhətləri meydana çıxacaq. Ondan sonra qanunun icrası mexanizmi təkmilləşdiriləcək”.
***
Beləliklə, hamı – bəyənən də, narazı qalanda – siqaret qadağasının qüvvəyə minəcəyi günü, icra mexanizminin necə olacağını, hansı qurum tərəfindən icra olunacağını, necə icra olunacağını gözləyir. Lap həmsöhbətimiz, çayxanada nərd oynayan Sahibin dediyi kimi: “Tələsməyin, bir siqaret çəkin, o vaxtacan aydınlaşar…”
İnterpress.az