Azərbaycanın Ziyarəti – Şuşaya aparan yolbackend

Azərbaycanın Ziyarəti – Şuşaya aparan yol

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsinin gedişində unikal əməliyyatlardan biri — Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın tacı  Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Şuşanı işğaldan azad etmək üçün iki variant vardı. Birincisi, şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Ancaq şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olardı. İkinci, variant kimi əlbəyaxa döyüş taktikası idi. Ali Baş Komandan İlham Əliyev məhz ikinci variantın üzərində durdu və komandanlığa müvafiq əmr verdi. Qəhrəman əsgər və zabitlərimiz isə yüngül silahlarla tarix yazdı, düşməni üzbəüz döyüşdə məğlub etdi.

Şuşaya açılan yol  isə Ziyarət dağından keçib. Bəs Ziyarət dağının strateji əhəmiyyətini hansı amillər səciyyələndirir? Ziyarət dağının işğaldan azad edilməsi əməliyyatı necə hazırlanıb?

Strateji həmlə

Öncə Vətən müharibəsini ilk günlərinə qayıdaq. Uzun illərdən sonra 202-ci ilin 27 sentyabrında xalqımızın Zəfər tarixinə qızıl həriflər ilə yazılan Vətən müharibəsi başladı. Bütün ölkə Ali Baş Komandanın bir sərəncamı ilə səfərbər oldu, cəbhədə düşmənlə savaşan ordunun dəstəyinə tələsdi. Xalqımız sevinc içində idi. Çox keçmədən cəbhədən sevindirici xəbərlər gəlməyə başladı. Düşmən müdafiəsi bir neçə istiqamətdən yarıldı və cəbhənin Füzuli istiqamətində Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi. Cəbhənin digər istiqamətində isə oktyabrın 3-də Suqovuşanın işğaldan azad edilməsi xəbərini aldıq.

Uğurlu döyüşlər davam edirdi. Oktyabrın 4-də Cəbrayıl rayon mərkəzi işğaldan azad edildikdən sonra Xocavənd rayonunun ərazisində, Qarabağ dağ silsiləsinin cənub şərqində yerləşən Ziyarət dağına həmlə üçün yol açılmış oldu.

Ziyarət dağının hündürlüyü 2480 metrdir. Alban tarixçisi Movses Kalankatlının “Alban tarixi” ərində Dizayart kimi adı çəkilir. Movses  Kalankatlınin yazdiğına görə, Maskut hökmdarı Sanatrukun 337-ci ildə öldurtdüyü ilk alban yepiskopu Qriqoris burada dəfn edilib. Onun dəfn edildiyi məd azərbaycanlılar arasında Ağoğlan piri kimi məşhurdur. Dağ bu mə görə Ziyarət dağı adlanıb.

Bölgədə Ziyarət dağı strateji mövqeyinə görə böyük əhəmiyyətə malikdir. Ziyarət dağından qərbə doğru uzanan Qarabağ dağ silsiləsi Laçın dəhlizinə və Şuşaya kimi gedib çıxır. Şimalda Ağoğlan, qərbdə 1500 m hündürlükdə, 28 km məsafədə Şuşa şəhəri yerləşir. Ziyarət dağı ətrafda yerləşən yaşayış məntəqələrinə, yollara nəzarəti təmin etməyə imkan verir. Başqa sözlə, Ziyarət dağını  azad etmədən Araz boyu əraziləri, Laçın dəhlizini nəzarətə götürmək mümkün deyildi. Oradan Qarabağın ən hündür zirvəsinə, hündürlüyü 2725 m olan Böyük Kirs dağına, Şuşa şəhərinə dərə-təpədən, sıldırım qayalardan və çətin keçilən meşələrdən yollar uzanır. Öncə də qey etdiyimiz kimi, Azərbaycan Ordusunun bölmələri düşmənin gözləmədiyi istiqamətdən, çətin keçilən ərazilərdən müdafiənin dərinliyinə sızaraq Şuşanı 8 noyabrda düşmən işğalından azad etdi. Döyüşçülərin irəlilədiyi həmin cığırlar indi genişləndirilərək avtomobil yolu inşa edilir.

Düşmə gözlənilməz zərbə

Ziyarət dağının işğaldan azad edilməsi əməliyyatına qayıtsaq, sözsüz ki, düşmən də Ziyarət dağının əhəmiyyətini nəzərə alaraq, onu əvvəlcədən müdafiəyə hazırlamışdı. Vətən müharibəsindən sonra Müdafiə Nazirliyinin açıqladığı informasiyalardan aydın olur ki, düşmən Ziyarət dağın zirvəsinə müasir kameralar yerləşdirmiş və müşahidə sistemi yaratmışdı. Düşmən həmin kameralardan istifadə etməklə dairəvi müşahidə ilə bütün ətraf əraziləri, yolları və yaşayış məntəqələrini nəzarətdə saxlaya bilirmiş. İşğalçı Ermənistan Ziyarət dağında hərbi bölmələri üçün uzunmüddətli müdafiə üçün sığınacaqlar hazırlayıb, çoxlu sayda sursat və ərzaq toplayıbmış. Eyni zamanda düşmən ərazi şərtlərini nəzərə alaraq kamera müşahidə sistemini bir çox yerdə qurubmuş Başqa sözlə, kameraların görüntüləri bir mərkəzdə toplanaraq orada təhlil edilir və bölmələrimizin fəaliyyəti nəzarətdə saxlanılırmış Bununla kifayətlənməyən düşmən yaxınlıqda yerləşən meşələrdən və yollardan istifadə edərək bölmələri pusquya salmağa, beləliklə, onların fəaliyyətini ləngitməyə və vaxt qazanmağa çalışırmış.

Ancaq müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yeni ərazilər işğaldan azad edildikcə düşmənin müdafiə sistemi sürətlə dağılmağa başlayır. Lakin düşmən böyük itkilər versə də, cəbhədə məğlubiyyətin acısını yaşasa da, müqavimət göstərməyə davam edir. Çünki düşmən ərazilərin əldə saxlanılmasında Ziyarət dağının rolunun böyük olmasını bilir.
Beləliklə, cəbhə xətti Ziyarət dağının ətrafında yerləşən yüksəkliklərdən keçdiyi 2020-ci il oktyabrın 16-da Azərbaycan Ordusunun bölmələri hərəkətə keçir. Sözsüz ki, komandanlıq çətin keçilən  ərazilərdən sızaraq düşmənin dərinliyinə irəliləmiş qrupların Ziyarət dağını azad etmədən orada möhkəmlənmələrini, eləcə də onların təminatının çətin olacağını bilirdi. Yaxında yerləşən yaşayış məntəqələri Köhnə Tağlar və Ağcakənd  bir növ düşmən üçün baza rolunu oynayır. Düşmənin burada aktiv fəaliyyəti aşkarlanmasa da, bölmələrimizin həmləsi cavabsız qalmırdı, artilleriya və minaatanlardan mövqelərimiz mütəmadi olaraq atəşə tutulur Köhnə Tağlar kəndi burada xüsusi rol oynayır.
Həmin gün uzaqda Qubadlı və Laçın istiqamətində döyüşlər gedir, artilleriyanın, atəş və mərmi partlayışlarının səsi eşidilir Düşmən qüvvələrini parçalamaq, onun bir hissəsini digər istiqamətə cəlb etmək məqsədilə Ziyarət dağına həmlə üçün əsl məqam yetişir. Ziyarət dağının əks yamacında Tuğ kəndinin yaxınlığında atəş mövqeyində yerləşən artilleriya batareyası və Ağcakənd istiqamətində yerləşən minaatan batareyası sakitliyi pozur. Artilleriyanın atəşindən sonra düşmən mövqeləri toz-dumana bürünür. Bu zaman xüsusi hazırlıqlı qruplar düşmən mövqelərinə doğru irəliləyir və orada möhkəmlənir. Artilleriya batareyası aldığı sərəncama uyğun olaraq müşahidə kameralarını məhv etmək üçün ərazini atəş altında saxlayır. Tüstü qumbaraları dağın zirvəsinə səpələnir, müşahidə kameralarını kor edir və düşməni psixoloji təsir altında saxlayır. Uzaqdan baxanda sanki dağın zirvəsi dumana bürünmüş kimi görünür. Topların, minaatanların atəş dəstəyi ilə bölmələr döyüş tapşırıqlarını yerinə yetirir, qısa sıçrayışlar ilə irəli atılır və yeni əlverişli mövqelərdə möhkəmlənir.

Bu zaman Köhnə Tağlar yaşayış məntəqəsinin ətraf yüksəkliklərində iki düşmən tankının müşahidə edildiyi haqqında məlumat daxil olur. Döyüşlərə cəlb olunan zərbə tipli pilotsuz uçuş aparatları TB-2 “Bayraqdar”lar döyüş meydanında aşkarlanan düşmən tanklarını və zirehli döyüş maşınlarını məhv edir. Ümumiyyətlə, düşmən Vətən müharibəsində PUA-ların uğurlu tətbiqi nəticəsində tanklarını tətbiq edə bilməyib, hətta tanklarını döyüş meydanında qoyub qaçıb. Çünki “Bayraqdar”lar onların ölüm kabusuna çevrilmişdi. Ona görə də düşmən tanklarını qorumaq üçün  gizlədirdi.

Beləliklə, hərbi bölmələrdən biri Dolanlar kəndindən keçib Köhnə Tağlar kəndinin ətrafında müşahidə üçün əlverişli yüksəklikdə mövqe tutur. Kənd və ona yaxınlaşma yollarını nəzarətə götürülür. Bir müddət müşahidədən sonra kəndin yuxarı hissəsində çay yatağında ərazi qırışlarından istifadə olunaraq gizlədilmiş “Kamaz” tipli yük avtomobili, bir az aşağıda isə böyürtkən kollarının arasında atəş mövqeyində iki minaatanı aşkar edilir. İlk raket atəşi ilə “Kamaz” vurulur, onun kuzovunda olan sursatlar parlamağa başlayır. İkinci raketi minaatanların atəş mövqeyinə buraxılır. Raketin atəş mövqeyində partlayışından sonra minaatan heyətinin bir neçə nəfərinin meyiti qalır, qalan şəxsi heyət qaçıb sığınacağa girir. Bununla da şəxsi heyət üçün əvvəlcədən hazırlanmış örtülü sığınacağın yeri aşkar edilir və üçüncü raketlə ora vurulur. Son atəşdən sonra güclü partlayış olur və partlayış bir neçə saat davam edir. Məlum olur ki, orada həm də sursat anbarı var imiş.

Uzun müddət mövqelərində qalan düşmən artıq psixoloji cəhətdən yorulur, əsas qüvvələrdən ayrı düşür. Ziyarət dağına gələn bütün yollar nəzarətə götürülür, burada qalan yüz nəfərə qədər düşmən əsgəri mühasirəyə alınır. Sonradan üçtərəfli müqavilənin şərtlərinə əsasən onlar Ermənistana təhvil verilir.

İndi Ziyarət dağının zirvəsində Azərbaycan bayrağı dalğalanır. Düşmən Ziyarət dağında əvvəlcədən tunellər, yaşayış üçün sığınacaqlar, sursat və ərzaq anbarları hazırlamışdı. Bunlar Ziyarət dağı azad ediləndən sonra öz təsdiqini tapdı. Bu, düşmənin işğalçılıq siyasətinin bariz nümunəsidir. Azərbaycan əsgəri isə 44 günün sonunda düşmənə diz çökdürdü.

Qarabağin gözəl guşələrindən və strateji əhəmiyyətə malik olan Ziyarət dağı onu azad edən döyüşçülərin yaddaşlarına əbədi olaraq həkk olundu. Vətən müharibəsinin zəfər tarixində mühüm rol oynadı, tarixi missiyasını özünə qaytardı və Azərbaycan xalqının Ziyarətgahına çevrildi. Eyni zamanda məhz Ziyarət dağının azad edilməsi Azərbaycanın xalqının Şuşa ucalığına yüksəlməsinin də yolunu açması ilə də tarixə həkk olundu.

Fuad Hüseynzadə

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Öncə Vəndir” layihəsi çərçivəsində hazırlanıb.