Cənab Prezidentin Gədəbəydəki hadisə haqqında münasibəti onu göstərir ki, ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının qorunması şəxsən ali rəhbərliyin xüsusi nəzarətindədir. Yəni, Dövlətimizin başçısı ölkə əhalisinin hüquqlarının müdafiəsinə şəxsən özü nəzarət edir.
Bu sözləri İnterpress.az-a “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili deyib.
“Bu da istənilən vətəndaşın arxasında Cənab Prezidentin durduğu anlamına gəlir, dünyanın heç bir ölkəsində prezident-vətəndaş münasibətləri Azərbaycandakı qədər inkişaf etməyib.
Təbii ki, Prezidentin müvafiq səlahiyyətli qurumları və rəhbərlərini danlaması ölkə başçısının bu məsələyə ayırdığı diqqətindən irəli gəlir. Dövlət qurumları onlara tapşırılan işlərə məsuliyyətlə yanaşmalı, öz işlərini vaxtında görməlidirlər. Prezdentin də dediyi və istədiyi budur. Əgər kimsə işində səhlənkarlığa və məsuliyyətsizliyə yol verəcəksə, o zaman cəzasını da alacaq.
Prezident İlham Əliyevin Azərbaycan Polisi ilə bağlı dedikləri isə hər kəsin qulağında sırğa olmalıdır. Ölkəmizin təhlükəsizliyini, vətəndaşların asayişini gecə-gündüz qoruyan polisə daş atmaq heç kimə başucalığı və xeyir gətirməz. Bu gün üzərində polis formasını daşıyan hər bir nəfər həm də bu xalqın bir parçasıdır”, – o bildirib.