Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Naxçıvana gəlir. O, Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşəcək. Məlumata görə, liderlər sentyabrın 19- da keçirilmiş anti-terror tədbirlərinin nəticəsini müzakirə edəcək və Zəngəzur dəhlizi barədə danışacaqlar.
Bir sutkalıq antiterror tədbirlərindən sonra Türkiyə ilə Azərbaycan arasında yüksək səviyyəli təmaslar gözlənilən idi. Çünki həmin hadisə nəticəsində regionda yeni reallıqlar yarandı, bölgədə daşlar yerinə oturdu. Söhbət antiterror tədbirlərinin təkcə hərbi yox, həm də siyasi nəticəsindən gedir. Qarabağdakı xunta rejiminin təslim olması və erməni icmasının təmsilçilərinin Yevlaxa gəlməsi rəsmi Bakının növbəti diplomatik uğuru idi. Nəzərə almaq lazımdır ki, qarşı tərəf bir vaxtlar bizim bu təklifimizdən imtina edirdi.
Ölkə başçılarının müzakirə edəcəkləri əsas məsələlər bundan sonra atılacaq addımlarla bağlı olacaq.
Məlum olduğu kimi, sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması təkcə regional məsələ deyil. Bu, ancaq Ermənistan hərbi – siyasi hakimiyətindən asılı məqamlar da deyil. Zaman- zaman İrəvandan istifadə edərək özlərinin Cənubi Qafqazla bağlı maraqlarını həyata keçirən Rusiya, İran və Qərbi də razı salmaq lazımdır. Və bu məsələdə Türkiyənin müstəsna rolu var.
Ümumiyyətlə, iki qardaş ölkə hazırda regionda “suların durulması” üçün koordinasiyalı davranır. Çünki regional əməkdaşlıq idealı ilə bağlı rəsmi Bakı ilə Ankaranın mövqeləri üst – üstə düşür.
Hər iki dövlət başçısı bilir ki, regional maraqlarımızın təmin olunması üçün əlverişli şərait yaranıb. Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsi, Moskva- İrəvan münasibətlərinin sürətlə gərginləşməsi “əlimizi gücləndirir”.
Yeri gəlmişkən, qeyd etməliyik ki, Moskvanın son proseslərə loyal yanaşmasının yeganə səbəbi heç də İrəvanla baş verən gərginlik deyil. Doğrudur, bu məqam da proseslərə təsir etdi. Amma əsas məsələ odur ki, Rusiya Qərbin tədricən regiona gəldiyini anlayır. Bu, şimal qonşumuzun maraqlarına uyğun gəlmir. Ona görə də Moskva regional sabitliyin bərpa olunması naminə Cənubi Qafqazdakı mövqelərini qorumaq istəyir. Son vaxtlar Rusiya rəsmilərinin, o cümlədən Prezident Vladimir Putinin səsləndirdiyi fikirlər, həmçinin Ankara – Moskva xəttindəki fəallıq belə düşünməyə əsas verir.
Ehtimal etmək olar ki, bundan sonra Azərbaycan – Türkiyə – Rusiya üçbucağında əməkdaşlıq daha da artacaq. Bu, Qərbin regiona girməsinin qarşısının alınması üçün vacibdir.
Hazırda baş verən hadisələr kontekstində bu günkü görüş olduqca mühümdür. Ərdoğanın Naxçıvana getməsi isə xüsusi diqqət keçir. Niyə Bakı yox, məhz Naxçıvan? Bu, həm də siyasi mesaj kimi qiymətləndirilə bilər.
Mümkündür ki, bundan sonrakı addım Zəngəzur dəhlizinin açılması olacaq. Bu, sülh müqaviləsini bir az da yaxınlaşdıracaq. Beləliklə, mahir siyasətçilər – Əliyevlə Ərdoğanın dəqiq gedişləri ilə regiona, nəhayət, sabitlik gəlir, sülh prosesi faktiki olaraq yetişir və günbəgün yaxınlaşır.
Kənan Novruzov
İnterpress.az