Hikmət Hacıyev “oyun bitdi” dedi: Qarabağda nələr olacaq?backend

Hikmət Hacıyev “oyun bitdi” dedi: Qarabağda nələr olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonra tviterdəki paylaşımında bildirib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalı, qüvvələrinin bir hissəsini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmalı və qanunsuz marionet rejimini maliyyələşdirməyi dayandırmalıdır. O, qeyd edib ki, Ermənistan tibbi evakuasiya və çatdırılma üçün istifadə edilən Laçın yolu məsələsində siyasi manipulyasiya və spekulyasiya ilə məşğuldur. Xankəndindəki separatçıların marionet “liderləri” yerli əhalini öz siyasi ambisiyalarının girovu kimi saxlayırlar.

Prezidentin köməkçisi xatırladıb ki, Brüsseldə Ağdam-Xankəndi yolunun daha böyük həcmdə çatdırılma üçün istifadə edilməsi barədə razılıq əldə olunub. Bu, BQXK-nın bəyanatında da təsdiqlənib.
“Təkcə Laçın yolundan istifadə etməkdə israrlı olmaq, amma Ağdam yolundan imtina etmək, yolu bağlamaq, siyasiləşdirmək yolverilməzdir. Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolundan istifadə edilməsi və Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın ismarış verməlidir. Başqa yol yoxdur! Oyun bitdi!”, – H.Hacıyev əlavə edib.

Göründüyü kimi, H. Hacıyev Azərbaycanın mövqeyini kifayət qədər aydın və konkret ifadə edib. Prezidentin köməkçisi tvitində bir neçə məqama diqqət çəkib.

Öncə onu deyək ki, H. Hacıyevin qeyd etdiyi məqamlar əslində dayanıqlı sülhün əsas şərtləridir. Həmin tələblər yerinə yetirilmədikcə dayanıqlı sülhdən və Cənubi Qafqazın təhlükəsizliyindən söhbət gedə bilməz.

Ermənistan rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bir neçə dəfə deyiblər. Hətta Paşinyan bu günlərdə bildirib ki, dünyada Qarabağı Azərbaycanın ərazisi kimi tanımayan dövlət yoxdur. Əlbəttə, bu, çox ciddi bəyanatdır. Lakin İrəvanın səmimiliyinə inanmağımız üçün kifayət deyil. Belə ki, Ermənistan sözdə dediklərini əməldə də təsdiqləməli, təxribatlarından əl çəkməlidir.

İkinci bir tərəfdən, Ermənistan hələ 2020- ci ildə imzalanan üçtərəfli bəyannaməyə əsasən terrorçuların Qarabağdan çıxarılmasına dair öhdəlik götürmüşdü. Amma İrəvan hələ də bu tələbi yerinə yetirməyib. Bu isə onu deməyə əsas verir ki, Ermənistan gərginliyin aradan qaldırılmasında maraqlı deyil.

Nəzərə almaq lazımdır ki, bir çox hallarda təxribatı törədənlər məhz Qarabağdakı qanunsuz hərbi birləşmələrdir. Onların kimin diktəsi ilə provokasiyaya əl atmaları vacib deyil. Əsas məsələ budur ki, qanunsuz hərbi birləşmələr regionda təhlükəsizliyə təhdid yaratmaqla yanaşı, həm də sülh quruculuğu prosesinə mane olurlar. Bu isə onların Qarabağdan çıxarılmasını zərurətə çevirir. Terrorçular nə yolla olursa olsun, Qarabağdan çıxmalıdır. Əks halda dayanıqlı sülhdən və bölgənin təhlükəsizliyindən söhbət gedə bilməz.

Başqa bir məsələ Qarabağdakı xunta rejimi ilə bağlıdır. Son zamanlar Qarabağdakı separatçılarla Ermənistan hakimiyyəti arasında ziddiyyət artıb. Aydın görünür ki, qondarma rejim narahatdır. Onlar sülhə mane olmaq üçün hər şey etməyə hazırdırlar. Qondarma rejimin başçısı Araik Arutunyanın Rusiya Prezidenti Vladimir Putinə yazdığı məktub da bunu sübut edir.

Qondarma rejimin mövcudluğu həm də oradakı terrorçular üçün “nefəslikdir”. Əgər xunta rejimi ləğv olunsa, avtomatik olaraq qanunsuz silahlı birləşmələr də sıradan çıxacaq. Bu isə o deməkdir ki, Ermənistan Xankəndidə maliyyə dəstəyini dayandırmalıdır. Və əslində, məncə, proses buna doğru gedir. Paşinyan gec – tez anlayacaq ki, Araik ona mane olur.

Laçın yoluna gəldiksə isə deməliyik ki, Ermənistanın bu məsələdən siyasi alət kimi istifadə etməsi aşkardır. Sosial şəbəkələrdə Xankəndidən yayılan foto və videolar onu deməyə əsas verir ki, ərazidə heç bir blokadadan söhbət gedə bilməz.

Brüsseldə Ağdam-Xankəndi yolunun daha böyük həcmdə çatdırılma üçün istifadə edilməsi barədə razılıq əldə olunması da kifayət qədər ciddi diplomatik uğurdur. Bu, Azərbaycanın növbəti qələbsidir. Əlbəttə, bundan sonra Qarabağdakı etnik ermənilərin Azərbaycana reinteqrasiyası üçün daha münbit şərait yarana bilər.

Beləliklə, Azərbaycan maraqlarının təmin olunması istiqamətində addım – addım irəliləyir. İndiki şəraitdə beynəlxalq ictimaiyyət reallıqları nə qədər çox nəzərə alsa, o qədər yaxşıdır.

Kənan Novruzov
İnterpress.az