Məişət zorakılığına qarşı mübarizə ilə bağlı layihə keçirilirbackend

Məişət zorakılığına qarşı mübarizə ilə bağlı layihə keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məişət zorakılığına qarşı mübarizə məqsədilə ictimai müzakirələrin keçirilməsi” adlı layihənin icrasına başlayır.

Layihə 4 ay müddətində Bakı şəhəri, Masallı, Yardımlı, Biləsuvar, Lənkəran və Şamaxı rayonlarında həyata keçiriləcək.

Layihənin məqsədi regionlarda məişət zorakılığına qarşı mübarizəyə dair təşəbbüslərin irəli sürülməsi, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun təbliği və işləmə mexanizmlərinin tapılması, məişət zorakılığı probleminin ictimailləşdirilməsidir. Eyni zamanda, müxtəlif strukturların problemin həlli istiqamətində birgə fəaliyyətlərinin tənzimlənməsi vasitəsilə bu problemin aradan qaldırılmasına kömək etmək də layihənin məqsədləri arasındadır.

Layihə çərçivəsində hər rayonda 1 günlük tədbir olmaqla 5 dəyirmi masa həyata keçiriləcək. Hər tədbirdə 20 nəfərin, ümumilikdə 100 nəfərin iştirakı planlaşdırılır.

Tədbirlərdə əhali qrupu (zorakılıq qurbanları və onların yaxınları), yerli icra hakimiyyəti, bələdiyyələr və dini icmaların nümayəndələri, fəal qadınlar, rayonlarda fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri, KİV nümayəndələri iştirak edəcək.

Tədbirlərdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun təqdimatı ediləcək.

Müzakirələr bu mövzular ətrafında təşkil olunacaq;

-Azərbaycanda məişət zorakılığı problemi və onun fəsadları,

-bu problemin həlli üçün qanunda nəzərdə tutulmuş müddəalar,

-qanunun tətbiq edilməsi üçün mexanizmlərin olmaması,

-zorakılığa məruz qalmış insanların hara və necə müraciət etməsi,

-bələdiyyələrin nəzdində Qadın Otağının təşkili təşəbbüsü,

Eyni zamanda iştirakçıların fikir və təklifləri müzakirə ediləcək, məişət zorakılığına qarşı mübarizəyə dair təşəbbüslər dinlənəcək. İştirakçıların rəy və təklifləri toplanacaq və ümumiləşdiriləcəkdir. KİV–də layihənin gedişi ilə bağlı çap olunan məqalələrdə bu rəy və təkliflər haqda geniş məlumat veriləcəkdir.

Layihənin həyata keçirilməsindən gözlənilən nəticələr:

-100 nəfər layihə çərçivəsində məlumatlandırılacaq: əhali, yerli icra hakimiyyəti, bələdiyyələr, QHT, KİV və dini icma nümayəndələri problemin həlli yollarının tapılması ilə bağlı əldə etdikləri bilgiləri gələcək fəaliyyətlərində tətbiq edəcək, onların arasında əməkdaşlıq güclənəcəkdir;

-gələcəkdə yerli icra hakimiyyəti, bələdiyyə, QHT və digər müvafiq qurumlar tərəfindən əhalinin fəal təbəqəsinin iştirakı ilə problemlər daha asan həll olunacaq;

-əhalinin məişət zorakılığı ilə bağlı geniş məlumatı olduğundan müvafiq qurumların bu sahə ilə bağlı işlərinə əməl etmələrinə ictimaiyyətin nəzarəti artmış olacaq.