Azərbaycan mədəni irsin iqlim dəyişikliklərinə məruz qalmasının qarşısını almağa çalışır.
İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan mədəniyyət nazirinin müavini Səadat Yusifova mayın 2-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” mövzusunda plenar sessiyanın açılışında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, mədəni irs həmişə ətraf mühitin bir hissəsi olub və onun təsirlərinə məruz qalıb:
“Bu gün proseslər iqlim dəyişiklikləri fonunda özünü daha çox büruzə verir. Bu baxımdan sahələrarası yanaşmanı təqdim etməliyik. Burada dövlət və cəmiyyətin də rolu danılmazdır. Azərbaycan ardıcıl şəkildə mədəni irsin iqlim dəyişikliklərinə məruz qalmasının qarşısını almağa çalışır. Biz bu gün çalışırıq ki, yaşıl zonaları artıraq. Bu, əslində, bütövlükdə qlobal səviyyədə öz öhdəliklərini icra etməyə yönəlib. 2030-cu ilə qədər Azərbaycan karbon qazının havaya atılmasının 35 faizə qədər azaldılmasını öz üzərinə götürüb. COP29-un Bakıda keçiriləcək olması beynəlxalq ictimaiyyətin Azərbaycana göstərdiyi etimaddan xəbər verir”.
Xatırladaq ki, sessiyaya Böyük Britaniyanın UNESCO üzrə Milli Komissiyasının baş icraçı direktoru və baş katibi Ceyms Bric moderatorluq edir.