O şəxslər himayədar ailə ola bilməz ki…. – Sosioloqdan AÇIQLAMAbackend

O şəxslər himayədar ailə ola bilməz ki…. – Sosioloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyada körpə qığıltısından gözəl himn yoxdur”, deyirdi Viktor Hüqo. Çünki körpələrdir ailələrin sevinci, sabaha olan arzuları… Amma bəzən həyat başqa qanunları diktə edir. Uşaqlar valideynsiz qalır, ata-anasız böyüyürlər. Bu isə onların haqq etmədiyi bir ömürdür.

Çox sevindirici haldır ki, uşaqların xoşbəxt, qayğısız böyümələri üçün bütün dünyada aktual olan “Himayədar ailə” modeli bu gün ölkəmizdə də tətbiq edilir. Model yeni olduğu üçün cəmiyyətdə onunla bağlı suallar da çoxdur. Elə biz də sözügedən məsələ ilə bağlı sosioloq Rüfət İsmayılzadəyə müraciət etdik.

– Rüfət müəllim, “Himayədar ailə” modeli nədir?

– Əslində, bu model bütün dünyada var. Və çox uğurla da həyata keçirilir. Hətta Amerikanın özündə belə bir çox məşhur insanların himayədar ailə kimi tanındığının da şahidiyik. Sözügedən model insanlıq adına çox uğurlu tapıntıdır. Bu zaman həm uşaqların isti bir evi olur, həm də onları himayəyə götürən insanların həyatına anlam qatılır.

– Məncə, bu model daha çox uşaqların xoşbəxt, qayğısız böyüməsi üçün nəzərdə tutulub.

– Tam razıyam. “Himayədar ailə” modeli valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların müqavilə əsasında müvəqqəti ailə yanında yerləşdirilməsini nəzərdə tutan alternativ uşaq qayğı modelidir. Bu zaman uşaqların qidalanması, təhsili, sağlamlığı, fiziki və əqli inkişafının qeydinə qalınır, onların ailə mühitində böyüməsinə şərait yaradılır.

– Himayədar ailəyə qəbul olunan uşaq həmin ailənin varisi sayılırmı?

– Xeyr. Övladlığagötürmədən fərqli olaraq, “Himayədar ailə” qayğı modelində uşaq ailə yanında müvəqqəti yerləşdirilir, uşaqla himayədar valideynlər arasında valideynlik münasibətləri yaranmır və uşaq ailənin varisi hesab olunmur.

– Bəs kim “Himayədar ailə” ola bilməz?

– Uşağın qəyyumları (himayəçiləri), bioloji və ya ögey valideynləri… Məhz bu şəxslər himayədar valideyn ola bilməzlər.

– Amma onu da deyək ki, hər insan da himayədar ola bilməz…

– Sözsüz. Uşaqların xoşbəxt və qayğısız gələcəyi üçün onların qayğıya, müdafiəyə, sevgiyə ehtiyacı vardır. Bunlar valideynlik bacarıqları və motivasiyası ilə bağlıdır. Əlbəttə ki, uşağı himayəyə götürən şəxsin və ya şəxslərin istər maddi, istərsə də mənəvi halı qənaətbəxş olmalıdır. Ona görə də bu məsələdə əsas məqsəd himayədar ailələri düzgün qiymətləndirib, uşağın mənafeyi baxmından daha uğurlu himayədar valideynlərin seçilməsi prosesini təşkil etməkdir.