Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinə cavab verən heyvan kəsimi məntəqələrinin mövcud olmadığı rayonların adlarını açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, Agentlik tərəfindən baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir stasionar və modul tipli heyvan kəsimi məntəqələrinin yaradılması məqsədilə müvafiq baytarlıq-sanitariya normaları hazırlanaraq qəbul edilib. Həmçinin kiçik və orta tutumlu heyvan kəsimi məntəqələri üçün texnoloji eskiz layihəsi hazırlanaraq yerli icra hakimiyyəti orqanlarına göndərilib.
Vurğulanıb ki, Görülmüş işlər çərçivəsində ölkə üzrə müasir baytarlıq-sanitariya tələblərinə uyğun kəsim məntəqələrinin sayı 83-ə çatdırılıb. Bu rəqəm Agentlik fəaliyyətə başladığı dövrdə 15 olub.
Məlumatda ölkə ərazisi üzrə hələ də 14 rayonda qanuni heyvan kəsimi məntəqələrinin təşkili istiqamətində ləngimələrin olduğu və hazırda bu rayonların ərazisində bu cür kəsim məntəqələrinin fəaliyyət göstərmədiyi qeyd edilib.
Qanuni heyvan kəsimi məntəqələrinin mövcud olmadığı rayonlar aşağıdakılardır:
1. Ağsu
2. Astara
3. Balakən
4. Beyləqan
5. Biləsuvar
6. Hacıqabul
7. Kürdəmir
8. Lerik
9. Neftçala
10. Qax
11. Saatlı
12. Ucar
13. Xızı
14. Yardımlı