QHT-lərin Qubadlıda Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə səfəri təşkil olunubbackend

QHT-lərin Qubadlıda Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə səfəri təşkil olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 24-də “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” çərçivəsində 200 nəfərə yaxın QHT rəhbərinin Silahlı Qüvvələr Günü münasibətilə Qubadlıda Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə səfəri təşkil olunub. 

İnterpress.az xəbər verir ki, hərbi hissədə vətəndaş cəmiyyəti təmsilçilərinə silahlar və hərbi texnika nümayiş etdirilib.

Sərhədçilərin müşayiəti ilə poliqon ərazisində bir sıra hərbi texnikada gəzintiyə şərait yaradılıb. Bu gəzintidə Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kapitan, sərhəd qoşunlarının mənsubu, “Qarabağ” ordeni ilə təltif edilmiş Aşur Cəmiyevin oğlu İsmayıl Cəmiyev və Qubadlı uğrunda şəhid olmuş ədliyyə kapitanı Ruhin Xəlilovun qızı Melisa Xəlilova da iştirak ediblər.

Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, şəhid anası, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı hərbiçilər qarşısında çıxış edib, onları Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edib, şərəfli fəaliyyətlərində uğurlar arzulayıblar.

Daha sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumu əsgərlərə şirniyyatlardan ibarət bayram hədiyyələri təqdim edib.
Tədbir Dövlət Sərhəd Xidmətinin musiqi qrupunun ifasında bayram konserti ilə davam edib.