Təxribatların nəticəsində Azərbaycan üçtərəfli bəyanatdan çıxa, anti-terror əməliyyatına başlaya bilər – Şərhbackend

Təxribatların nəticəsində Azərbaycan üçtərəfli bəyanatdan çıxa, anti-terror əməliyyatına başlaya bilər – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 11-i saat 21:10-dan 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana və Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bundan başqa, avqustun 12-si saat 07:43-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Təxminən bir həftədir ki, qismən sakitlik idi. Amma mövqelərimiz bu günlərdə yenidən atəşə tutuldu.

Maraqlıdır ki, mövqelərimiz atəşə tutulmazdan bir gün əvvəl Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında danışmış, sülh idealına sadiqliyini bildirmiş və Azərbaycanı prosesə mane olmaqda ittiham etmişdi.

Paşinyan əvvəl də ehtimal edilən sülh müqaviləsi ilə bağlı oxşar fikirlər səsləndirib. Amma o, sözdə dediklərini əməldə təsdiqləmir. Ya da təsdiqləməyi bacarmır.
Əvvəl də dediyimiz kimi, provokasiyaların həm Ermənistan hərbi-siyasi hakimiyyəti, həm də sülhü istəməyən üçüncü qüvvələr tərəfindən idarə olunması mümkündür. Lakin bu, bizim üçün əhəmiyyətsizdir. Əgər Paşinyan, həqiqətən, sülh istəyirsə, sabotajlara son verilməlidir. Çünki davam edən təxribatlar sülh quruculuğu prosesinə töhfə vermir, əksinə, zərbə vurur. Odur ki, indi Ermənistan hökumət başçısı siyasi iradə göstərməlidir.

Ən vacib məqamlardan da biri budur ki, 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə əldə olunan üçtərəfli razılaşmanın tələblərinə zidd olaraq Ermənistan hələ də terrorçuları Qarabağdan çıxarmayıb. Qarabağdakı xunta rejiminin ləğv olunması və terrorçuların ərazidən çıxarılması perspektivdə təxribatların kəskin azalmasına səbəb ola bilər. Bu isə öz-özlüyündə sülh quruculuğu prosesinə töhfə verəcək. Ancaq Ermənistan hələ də terrorçuları torpaqlarımızdan çıxarmaq istəmir. Bu, Paşinyanın sülh barədə səsləndirdiyi fikirlərin səmimiliyini sual altına qoyur. Əgər rəsmi İrəvan, həqiqətən, sülh istəyirsə, onda əvvəlcə öhdəliklərini yerinə yetirməli, sülhə təhdid yarada biləcək ünsürləri aradan çıxarmalıdır. Ermənistan bunu bacarmırsa, özümüz də edə bilərik. Və görünür, edəcəyik.

Doğrudur, Qarabağda ehtimal edilən hərbi əməliyyat Rusiya sülhməramlıları ilə gərginliyə səbəb ola bilər. Lakin nəzərə almaq lazımdır ki, heç Moskva da öhdəliklərini yerinə yetirmir. Belə ki, sülhməramlılar regiondakı gərginliyin qarşısını almalıdırlar. Amma ermənilər rahatlıqla provokasiya törədə bilirlər. Bu isə o deməkdir ki, Azərbaycan öz təhlükəsizliyi naminə özü lazımi addımlar ata bilər və atmalıdır.

Hətta belə davam edərsə, gələcəkdə Azərbaycan üçtərəfli sazişdən birtərəfli qaydada çıxa da bilər. Çünki razılaşmanın şərtləri faktiki olaraq yerinə yetirilmir. Təxribatlar göstərir ki, nə Ermənistan imzasına hörmət edir, nə də Rusiya.

Kənan Novruzov
İnterpress.az