Diasporla İş üzrə Dövlət Komitəsi Niderland Krallığının Haaqa şəhərində Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri ilə görüş keçirib.
Komitədən Trend-ə verilən məlumata görə, toplantıda Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının səlahiyyətli nümayəndələri, Niderland və Belçikada yaşayan diaspor fəalları, icma üzvləri iştirak edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda aparılan quruculuq və abadlıq işləri, eləcə də dünya azərbaycanlılarının təşkilatlanması istiqamətində dövlət diaspor siyasəti barədə ətraflı məlumat verən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Vətən müharibəsi dönəmində Niderlanddakı diaspor təşkilatlarının və soydaşlarımızın, Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının fədakar fəaliyyətini müsbət qiymətləndirib.
Komitə sədri dövlət başçısının tapşırığı ilə diasporun mütəşəkkil və sistemli şəkildə təşkilatlanması istiqamətində Koordinasiya Şuralarının fəaliyyyətinin vacib olduğunu vurğulayıb. Komitənin həyata keçirdiyi layihələrdən, Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin yaradılmasından, post müharibə dönəmində Qalib ölkəmizin diasporunun qarşısında duran çoxşaxəli vəzifə və hədəflərdən ətraflı danışıb.
Diasporumuzun Avropanın Belçika, Niderland kimi mərkəzi ölkələrində güclü qüvvəyə çevrilməsi, ictimai-siyasi və humanitar sahələrə sıx inteqrasiyası, ictimai rəyə təsir edən dairələrlə və nüfuzlu KİV-lərlə əməkdaşlığın möhkəmlənməsi, anti-Azərbaycan dairələrinin dövlət maraqlarımıza və mənafelərinə zidd hərəkətlərinə qanun çərçivəsində çevik reaksiya verilməsi ilə əlaqədar tövsiyələrini və təkliflərini nəzərə çatdırıb. Bildirib ki, bu vəzifələrin və hədəflərin yerinə yetirilməsi baxımından bütün soydaşlarımızın, xüsusilə də gənclərin üzərinə böyük işlər düşür.
Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov çıxışı zamanı diaspor təşkilatlarının və azərbaycanlı icmasının fəaliyyətinə nəzər salıb, Vətənimizin təbliği məqsədilə soydaşlarımızı fəal olmağa çağırıb.
Tədbir Dövlət Komitəsinin son illərdəki gördüyü işlərə, Vətən müharibəsi və sonrakı dönəmdəki fəaliyyətinə, o cümlədən “Dəmir yumruğun gücü ilə” layihəsi çərçivəsində Şuşaya təşkil olunmuş səfərlərə həsr olunmuş hesabat xarakterli videoçarxların nümayişi ilə davam edib.
Sonra Niderland-Bekçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiriciləri – “Ana Vətən” Avropalı Qadınlar Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva və Avropa Azərbaycanlıları Media Qrupun sədri Emil Əliyev görülən işlər barədə hesabatla çıxış ediblər.
Geniş fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə başa çatan tədbirdən sonra açıq səsvermə yolu ilə Koordinasiya Şurasının 3 yeni əlaqələndiricisi seçilib.